Bu gün:

NASA Günəşin səthinə toxunmağa hazırlaşır


NASA, Parker Sondası ilə indiyə qədər Günəşə ən yaxın məsafədən yaxınlaşmağa hazırlaşır. Sonda, Merkuri planetinin Günəşə olan məsafəsindən səkkiz dəfə daha yaxın olacaq. Əvvəllər Parker Sondası, Günəşə 7,1 milyon kilometr yaxınlaşaraq saatda 635 min kilometr sürətlə hərəkət etmiş və bu göstərici ilə rekord qırmışdı. Gözlənilir ki, 24 dekabrda Sonda Günəşi 6,1 milyon kilometr məsafədən keçərək saatda 700 min kilometr sürətə çatacaq və yeni rekord müəyyən edəcək. Missiyanın rəhbər alimi Nour Raouafi bunu "bütün insanlıq üçün böyük bir nailiyyət" kimi qiymətləndirərək, "Bu, 1969-cu ildəki Ay enişi ilə müqayisə edilə bilər" deyib.

Parker Sondası, 2018-ci ildə Günəşin atmosferi (koronası) haqqında daha ətraflı məlumat toplamaq məqsədilə kosmosa buraxılmışdır. 2021-ci ildə sonda ilk dəfə olaraq Günəşin atmosferindən keçərək mühüm bir nailiyyətə imza atmışdır. Bu məqsədə çatmaq üçün sonda yalnız Günəşin deyil, həm də Veneranın yaxınlığından keçmiş, bu keçidlərdən istifadə edərək sürətini artırmışdır. Hər bir yaxınlaşma ilə daha çox yaxınlaşma imkanı əldə edən Sonda, indiyə qədər Günəş ətrafında 21 "sapan manevrası" həyata keçirmişdir.

NASA-nın məlumatına görə, Parker Güneş Sondası 24 dekabrda Günəşə 6,1 milyon kilometr qədər yaxınlaşacaq və saatda təxminən 700.000 km sürətə çatacaq. Bu yaxınlaşma zamanı sonda 1.400 santigrad dərəcədən yüksək temperaturlara dözməli olacaq. Bu qeyri-adi şərtlərə tab gətirməsini təmin edən əsas element, onun Günəşə yönəlmiş tərəfindəki, demək olar ki, məhv edilməz istilik qalxanıdır.

Parker Sondası, noyabr ayının əvvəlində Venera ətrafında planlaşdırılmış yeddinci və son "sapan manevrasını" uğurla tamamlayaraq indiki manevrasına başlamışdı. Bu cazibə dəstəyi, kosmik aparatın öz sürət rekordunu qırması üçün tələb olunan son qalxışı təmin etmişdir.

Parker Sondasının 2025-ci ilə qədər Günəşə dörd dəfə daha yaxın uçuş etməsi gözlənilir. Daha sonra, Sondanın mühərrikləri yanacağını tükədəcək və əksər komponentləri Günəş tərəfindən parçalanacaq. Ancaq, istilik qalxanının minlərlə il boyunca Günəşin orbitində qala biləcəyi bildirilir.

Mənbə: Ntv

Tərcümə etdi: Zeynəb Həsənova




Paylaş
Şərh əlavə et