CNN News məlumat verir ki, Malayziya hakim dairələri 2014-cü ildə müəmmalı şəkildə itkin düşən Malayziya hava yollarına məxsus "Boeing 777" təyyarəsinin axtarışlarına yenidən başlanılacağını bildirib.

İllər öncə Malayziya aviaşirkətlərindən biri tarixin, bəlkə də, ən sirli uçuşunu həyata keçirib. Bundan düz 10 il əvvəl, 2014-cü il 8 martda Malayziyanın paytaxtı Kuala-lumpurdan havaya qalxan təyyarə Pekinə doğru uçuşa başlayıb. Təyyarə Tayvan körfəzi üzərindəki uçuş xətti ilə hərəkət edərkən birdən-birə radarlardan silinib.
Malay hökuməti keçirdiyi axtarış əməliyyatlarından sonra təyyarənin uçuş xəttini dəyişdiyini və qeyri-adi şəkildə irəlilədiyini ortaya çıxarır. Lakin təyyarənin yerini müəyyən edə və onunla əlaqəyə keçə bilmir. Təyyarənin son siqnalı Malakka boğazı üzərində alınır.
Təyyarədən xəbər ala bilməyən Malayziya hökuməti bu barədə rəsmi açıqlama etdikdən sonra dünyanın, bəlkə də, ən bahalı axtarış əməliyyatları başlayıb. Malakka boğazından başlayaraq ətrafda olduqca geniş bir əhatədə aparılan axtarışlar heç bir nəticə verməyib. Səbəbi isə bu axtarışlar zamanı MH370-in hələ də havada olması idi.
Təyyarə radarlardan silinsə də, Avstraliyaya bağlı peykə avtomatik göndərdiyi siqnallar onun axtarışını aparmaq üçün yeni ərazi planı çıxarmaq zərurəti yaradır. Lakin yeni axtarış planı Hind okeanının cənubunu əhatə edirdi və məsafənin çoxluğu axtarış komandalarının bu əraziyə gəlib çatması üçün zaman ehtiyacı yaradırdı. Təyyarənin 7 saatlıq yanacağı var idi və gecə 00:42'də yola çıxan təyyarə kömək gəlib çatana qədər Hind okeanının sularına qarışmış olacaqdı.
Genişmiqyaslı axtarışlar təxminən 1 ilə yaxın davam etsə də, heç bir nəticə veməyib. Sadəcə 2015-ci ilin avqustunda Madaqaskar yaxınlığında kiçik bir adada MH370-ə aid bir parça aşkarlanıb. Araşdırmalar təyyarənin süzülərək suya enmədiyini, dikinə suya düşdüyünü ortaya çıxarıb. Buna oxşar bəzi başqa parçalar tapılsa da, 12 ekipaj üzvü və 227 sərnişini ilə birlikdə yoxa çıxan təyyarənin bütöv qəza qalıqları hələ də tapılmayıb.
Hazırladı: Səidə Abasova
