
Netflix, məşhur Koreya triller serialı "Squid Game"ın ikinci mövsümünün premyerası ərəfəsində dil öyrənmə tətbiqi Duolingo ilə əməkdaşlıq etdiyini açıqlayıb. Premyera tarixi 26 dekabr olaraq müəyyən edilib və bu əməkdaşlıq, tamaşaçıların serialı daha yaxşı başa düşməsi üçün Koreya dilini öyrənməyə imkan yaradacaq.
Əməkdaşlıq çərçivəsində Duolingo tətbiqinə "dalgona" kimi şounun məşhur elementləri də daxil olmaqla 40-dan çox açar söz və ifadə əlavə edilib. Bundan əlavə, istifadəçilər "Heç kimə güvənmə", "Gəlin oyun oynayaq" və "Siz oyundan çıxarılmısınız" kimi cümlələri öyrənmək üçün xüsusi dərslərdən istifadə edə biləcəklər.
Netflix və Duolingo həmçinin şounun məşhur "Qırmızı işıq, yaşıl işıq" oyunundan ilhamlanan eksklüziv TikTok filtrini təqdim edib. Bu filtr fanatlara həm əyləncə, həm də serialın atmosferini daha dərindən hiss etmək imkanı yaradır.
Netflix, bu yeniliklə "Squid Game"ın ikinci mövsümünü daha unikal bir təcrübəyə çevirməyi hədəfləyir.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
