
Fransa və İngiltərənin Rusiyaya qarşı döyüşən Ukraynaya hərbi birləşmələr göndərmək variantını yenidən dəyərləndirdiyi iddia edilib. “Le Monde” qəzetinin məsələyə yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, Donald Tramp yenidən ABŞ prezidenti seçildikdən sonra Fransa və İngiltərə Ukraynada başçılıq etdikləri koalisiya qüvvələrinin yaradılması variantını yenidən müzakirə ediblər.
Fransa prezidenti Emmanuel Makronun fevral ayında "Ukraynaya qoşun göndərməkdən söhbət gedə bilməz" açıqlamasının Almaniya başda olmaqla qərb ölkələrinin reaksiyasına səbəb olduğunu xatırladan xəbərdə bu variantın tamamilə dayandırılmadığı iddia edilib.
Avropa ölkələri arasında qərb qoşunlarının və xüsusi müdafiə qruplarının Ukraynaya göndərilməsi ilə bağlı danışıqların Böyük Britaniyanın baş naziri Keir Starmerin noyabrın 11-də Fransaya səfəri ilə yenidən alovlandığı iddia edilib.
Britaniya hərbi mənbəsinin bildirdiyinə görə, "Böyük Britaniya və Fransa arasında Ukrayna və qitə müdafiəsinə yönəlmiş Avropada əsas müttəfiq qrupun yaradılması ilə bağlı danışıqlar" davam edir.
Makron fevral ayında verdiyi açıqlamada 2 ildən artıqdır ki, Rusiyaya qarşı döyüşən Ukraynaya qoşun yeridilməsi ilə bağlı Avropa ölkələri arasında konsensus olmadığını, lakin bu ehtimalı da nəzərdən qaçırmamaq lazım olduğunu bildirib.
Fransız opponentləri bu açıqlamalarına görə Makronu “ölkəni müharibəyə sürükləməkdə” ittiham edərkən, bəzi Avropa ölkələri də Makrona reaksiya göstərərək Ukraynaya qoşun yeritmək imkanının olmadığını müdafiə ediblər.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səidə Əsədli
