
Marsda həyat olub-olmaması sualı on illərdir ki, alimlərin və ictimaiyyətin diqqətinj cəlb edir. Araşdırmaların mərkəzində Yer planetinin qonşusunun keçmiş iqlimi ilə bağlı bəzi suallar var: Mars bizim planetimizdə olduğu kimi dənizlər və çaylarla birlikdə isti və nəm idi? Yoxsa soyuq və buzlu idi və həyatı dəstəkləməyə daha az uyğun idi?
"Communications Earth and Environment" jurnalında dərc olunan bir araşdırma Mars torpaqları ilə Kanadanın soyuq Newfoundland bölgəsindəki torpaqlar arasında oxşarlıqlar tapıb. Bu kəşf Marsın soyuq və buzlu olduğu fikrini dəstəkləyir.
Araşdırmaçılar Marsın Gale kraterindəki torpaqlar ilə müqayisə oluna bilən materiallara sahib torpaqları Yer planetində axtardılar. Torpaqdakı minerallar zamanla landşaftın təkamülünü izah edir. Buna görə alimlər bir yerin keçmişdəki ekoloji şəraitini anlamaq üçün tez-tez torpağı tədqiq edirlər. Bu materialların necə meydana gəldiyi haqqında daha çox məlumat əldə etmək, qırmızı planetin tarixi şərtləri ilə bağlı uzun müddətdir davam edən suallara cavab verməyə kömək edə bilər. Gale kraterinin torpaqları və qayaları 3-4 milyard il əvvəlki Mars iqliminin qeydlərini təqdim edir. Bu dövr planetdə nisbətən çox miqdarda suyun olduğu və eyni zamanda Yerdə həyatın ilk dəfə ortaya çıxdığı bir zaman diliminə təsadüf edir. Çöl Araşdırma İnstitutunda torpaq elmi üzrə mütəxəssis və jeomorfoloq olan Anthony Feldman belə izah edir:
Gale rateri bir paleo göl yatağıdır. Orada mütləq bir zamanlar su var idi. Ancaq su olarkən ekoloji şərtlər necə idi? Mars və Yerdəki şərait çox fərqli olduğundan Yerdə Mars səthinə tam olaraq bənzəyən bir yer tapmaq mümkün deyil. Amma yenə də Yerdəki şərtlərə baxıb oradan əldə etdiyimiz məlumatları Marsdakı suallara tətbiq etməyə çalışa bilərik.
NASA-nın Curiosity adlı tədqiqatçı robotu 2011-ci ildən bəri Gale kraterini tədqiq edir və "X-şüası amorf materialı" olaraq bilinən çoxlu torpaq nümunəsi tapıb. Bu torpaq növü, normal minerallardan fərqli olaraq nizamsız atom quruluşuna sahibdir. Bu səbəbdən, X-şüası difraksiyası kimi tanınmış üsullarla tədqiq etmək çətindir. X-şüaları almaz kimi kristal materiallara göndərildikdə, X-şüaları mineralın daxili quruluşuna bağlı olaraq müəyyən bucaqlarda səpələnir. Lakin X-şüası amorf material bu xarakterik "barmaq izlərini" yaratmaz. Araşdırmaçıların istifadə etdiyi metod Gale kraterində Curiosity tərəfindən tədqiq edilən torpaq və qaya nümunələrinin 15% ilə 73%-nun X-şüası morf materialdan ibarət olduğunu ortaya qoydu. Feldman belə deyir:
"X-şüası amorf materialı dediyimiz quruluşu jöle kimi təsəvvür edə bilərsiniz. Bu, bir-birinin yanından sürüşən fərqli elementlərin və kimyəvi maddələri qarışığıdır."
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Fatimə Hüseynova
