NASA-nın Hubble kosmik teleskopu 30 Doradus – Tarantula dumanlığı adlanan ulduz əmələgəlmə bölgəsinin inanılmaz görüntüsünü yayımlayıb. Bu təsvir Hubble fotolarından toplanmış ən böyük mozaik şəkillərdən biri kimi tarixə düşüb. Təsvir təxminən 650 işıq ili ölçüsündədir və 2012-ci ilin aprelində yayımlanıb.

170,000 işıq ili uzaqlıqda, Böyük Maqellan buludunda yerləşən 30 Doradus, qalaktikamızın qonşuluğundakı ən parlaq və ən böyük ulduz əmələgəlmə bölgəsidir. Burada indiyə qədər müşahidə edilmiş ən iri ulduzlar yerləşir. Qalaktikamızda bu bölgə qədər geniş və məhsuldar başqa bir ulduz əmələgəlmə sahəsi yoxdur.

Şəkildəki qaz və toz buludları, xüsusilə, sol aşağı hissədə dəniz dalğalarını xatırladan formalara malikdir. Bu qeyri-adi strukturlar kütləvi ulduzlardan yayılan ultrabənövşəyi şüalar nəticəsində yaranıb. Eyni zamanda, bu ulduzlar ətrafdakı materialı formalaşdırmaqla yanaşı, yeni ulduz nəsillərinin yaranmasına səbəb ola bilər. Şüalar sıx qaz divarları ilə qarşılaşdıqda zərbə dalğaları yaradır və bu proses yeni ulduzların yaranmasını sürətləndirir.
Şəkil təsviri: Görüntü tünd-mavi, qırmızımtıl, qəhvəyi və ağ rəng çalarlarında təsvir edilib. Minlərlə ulduz parlayır, bəziləri isə daha böyük və işıqlıdır. Şəkilin sol orta hissəsində ağ rəngli saçaqlı strukturlar görünür, onun altında isə dalğa şəklində qaz buludları yerləşir.
Mənbə: NASA, ESA və digər beynəlxalq araşdırma qrupları.
Tərcümə etdi: Zeynəb Yunuszadə
