Yadplanetlilər Yerə gələndə bəşəriyyətin necə reaksiya verəcəyi çoxdan elmi fantastika filmlərinin və romanlarının məşhur mövzusuna çevrilib. Amma bu fərziyyəni real dünyada nəzərdən keçirdikdə vəziyyətin nə qədər mürəkkəb olacağını təsəvvür etmək çətin deyil. Bəs, yadplanetlilər həqiqətən gəlsəydi, bəşəriyyət nə edərdi?

1. Təlaş və ya xoş gəldiniz?
Yadplanetlilərin varlığına dair qəti məlumat olmadığı üçün ilk reaksiyanın qorxu və panika olması ehtimalı var. Tarixən bilinməyənlə qarşılaşdığımız zaman reaksiyalarımız çox vaxt qorxuya əsaslanır. Bu vəziyyət medianın təsiri ilə qısa zamanda qlobal böhrana çevrilə bilər. Bununla belə, bəzi qruplar da yadplanetliləri kəşf və irəliləyiş üçün bir fürsət olaraq görüb, daha müsbət yanaşa bilər. Hansı qrupun üstün olacağı tamamilə hadisənin necə baş verməsindən və liderlərin münasibətindən asılı olacaq.
2. Dinc ünsiyyət mümkündürmü?
Yadplanetlilərin Yerə dinc məqsədlə gəldiyini fərz etsək, onların texnologiyasını, dilini və mədəniyyətini anlamaq üçün böyük səylər göstəriləcək. İlkin əlaqə, bəlkə də, Ümumdünya Bəyannaməsi kimi diplomatik təşəbbüslər vasitəsilə həyata keçirilə bilər. Yadplanetlilərin bizimlə eyni elmi və ya sosial anlayışa sahib olub-olmadığını bilməsək, onlarla ünsiyyət qurmaq olduqca çətin ola bilər. Yadplanetlilərin tamamilə fərqli bioloji quruluşa və ünsiyyət tərzinə malik olma ehtimalını nəzərə alsaq, bu prosesin uzun və mürəkkəb olacağı ehtimal edilir.
3. Dövlətlərin və Beynəlxalq təşkilatların cavabı
Yadplanetlilərlə təmas halında dünya dövlətləri və beynəlxalq təşkilatlar (BMT, NATO kimi) dərhal tədbir görə bilərlər. Böyük dövlətlər öz ərazilərində yadplanetliləri qəbul etməyə cəhd etsələr də, bu, böyük rəqabət yarada bilər. İkinci Dünya Müharibəsindən sonrakı dövrdə olduğu kimi burada da yadplanetli texnologiya əldə etmək yarışı ola bilər. Bundan başqa, milli təhlükəsizlik narahatlıqları yaranacaq və hərbi müdaxilələr müzakirə edilməyə başlanacaq.
4. Elm və texnologiyanın yenidən formalaşması
Yadplanetlilər qabaqcıl texnologiyalarla gəldikdə, bu, bəşəriyyət üçün böyük elmi inkişaf ola bilər. Yadplanetlilərin texnologiyasının öyrənilməsi bizə indiki elmi sərhədləri aşmağa imkan verə bilər. Fizika, kimya və biotexnologiya kimi bir çox sahələrdə inqilabi kəşflər ortaya çıxa bilər. Bu proses həm akademik, həm də sənaye inqilablarına səbəb ola bilər.
5. Dini və mədəni düşüncələr
Yadplanetlilərin gəlişi bütün dünyada dini və mədəni inanc sistemlərinə dərindən təsir edə bilər. Bəzi dini qruplar bu əlaqəni öz inancları üçün təhlükə kimi görə, bəziləri isə yadplanetliləri tanrıların elçiləri kimi şərh edə bilər. Mədəniyyət baxımından bəşəriyyətin kosmik tənhalıq hissi sona çata və yadplanetlilərlə qarşılıqlı əlaqə bizi ümumbəşəri cəmiyyətin bir hissəsi kimi hiss etdirə bilər.
Yadplanetlilərin Yerə gəlişi bəşər tarixində misli görünməmiş dönüş nöqtəsi olacaq. Bu əlaqənin nəticəsi yadplanetlilərin niyyətlərindən, insanların reaksiyasından və liderlərin vəziyyəti necə idarə etməsindən asılı olaraq, dəyişəcək. Yadplanetlilərlə əlaqənin qaçılmaz olub-olmadığını bilmirik, lakin belə bir hadisə insanlıq üçün həm böyük imkanlar, həm də ciddi risklər yaradar.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
