Bu gün:

"Bunların müsbət təsiri bir neçə ildən sonra görünəcək"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı təhsil eksperti Elçin Süleymanovdur. O, məktəbəqədər təhsil müəssisələrində təhlükəsizliyin təmin olunması barədə danışıb.


- Uşaq bağçalarında neqativ hadisələrin artdığı barədə xəbərlər tez-tez eşidilir. Bağça rəhbərliyi və tərbiyəçilərin azyaşlılara qarşı sərt davranışı və məsuliyyətsiz yanaşmaları diqqət çəkir. Sizcə, məktəbəqədər təhsil müəssisələrində təhlükəsizlik və sağlamlıq necə təmin olunmalıdır?

Məktəbəqədər müəssisələrdə daha əvvəl idarəetmədə müəyyən problemlər var idi. Onlar öncə Elm və Təhsil Nazirliyinin tabeliyində idi, daha sonra İcra hakimiyyətinin tabeliyinə verildi. Lakin sonda isə, yenidən Elm və Təhsil Nazirliyinin tabeliyinə qaytarıldı və müəyyən tədbirlər görüldü. Son  illərdə, xüsusilə, son 2 ildə məktəbəqədər təhsil müəssisələrinə müəllim seçimi artıq xüsusi imtahanlarla olmağa başlandı, çox ciddi yoxlamalar aparılırdı, bu sahənin mütəxəssisi olmayanlar sistemdən çıxarılırdı. Düşünürəm ki, bunların müsbət təsiri bir neçə ildən sonra görünəcək. Çünki daha əvvəl bağçalar müəyyən qədər nəzarətdən kənar idi. Artıq Elm və Təhsil Nazirliyi nəzdində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb. Bu müəssisələrin bilavasitə fəaliyyətinin bir istiqaməti bağçalarla əlaqəlidir. 

Təbii ki, qanuna uyğun davranmayan uşaqlara qarşı aqressiya nümayiş etdirən müəllimlər, tərbiyəçilər sistemdən uzaqlaşdırılmalıdır. Eyni zamanda, onların peşəkarlığının artırılmasına görə müəyyən işlər görülməlidir. Həmin yaş uşaqlar üçün çox əhəmiyyətli bir yaşdır. Orada alınan travmalar ömür boyu unudulmur. Həmçinin dil öyrənmə, riyazi əməllər, məntiq və s,  inkişafı həmin yaş dövrü üçün çox əlverişli bir yaşdır. Ona görə bağçalarda həm tədrisin keyfiyyəti, həm pedaqoji işin təşkili gücləndirilməlidir. Bu sahədə kifayət qədər mütəxəssislərimiz var və yeni kadrlar da sistemə daxil olur. 

Eyni zamanda, bağça rəhbərlərinin də işə qəbulu sistemə uyğun seçimlə təyin olunur. Bütün bunlar gələcəkdə bu sahənin inkişafına dəlalətdir.


Günay Məmmədova

Paylaş
Şərh əlavə et