
Anzulə Pərvizqızı
Bakı Dövlət Universitetinin müəllimi,
24media.az saytının rəhbəri
Media savadlılığı və analitik düşüncə yalnız ölkəmizdə deyil, bütün dünyada günümüzün ən vacib müzakirə mövzularındandır. Bu sahədə aparıcı alimlərdən olan amerikalı professor Sanley Baran elmi əsərlərində 20-ci əsrin ortalarından istifadə olunan “Media savadlılığı”nın rolunu xüsusi vurğulayaraq, onun insanların müasir dövrdə media məzmunlarının daha bacarıqlı və bilikli istehlakçıları olmaqlarına kömək etdiyini qeyd edir. Belə ki, informasiyaya əsaslanan cəmiyyətdə daha inamlı və etik iştirakçı olmaq üçün media savadlı olmaq zəruridir. Bolluca media mənbələri və sürətli xəbər yayımına məruz qaldığımız hazırkı dövrdə əsaslandırılmış qərarlar vermək üçün məlumatları qiymətləndirməli, dezinformasiyanı müəyyən etməli və media ismarıclarını doğru analiz etməliyik.
Önəmli sual: media savadlılığı kontekstində analitik düşüncəni necə inkişaf etdirə bilərik?
Əvvəlcə qeyd edək ki, analitik düşüncəyə informasiya və mübahisəli məsələləri obyektiv təhlil etmək və qiymətləndirmək daxildir. Media savadlılığı kontekstində analitik düşüncə fərdlərin mənimsədikləri məzmunla bağlı mənbələrin etibarlılığını və mötəbərliyini qiymətləndirməyə, məntiqli görünən, əslində isə yanlış olan düşüncə və inancları müəyyənləşdirməyə, həmçinin onların əsaslı qərarlar qəbul etməklərinə kömək edir. Analitik düşüncəyə daha doğru məntiqli nəticələrə gəlmək üçün fərziyyələri sorğulamaq, müxtəlif baxış bucaqlarını nəzərə almaq və dəlilləri təhlil etmək daxildir.
Media savadlı olmaq məqsədilə analitik düşüncə aşağıdakı yollarla inkişaf etdirilə bilər:
Skeptik düşüncə ilə: Hər eşitdiyimizə, gördüyümüzə inanmaq məcburiyyətində deyilik. İnformasiyanı, mənbəni, iddianı düşünmədən qəbul etmək əvəzinə sorğulamaq lazımdır.
Araşdırma qabiliyyətini inkişaf etdirməklə: Təəssüf ki, bəzi insanlar bir çox şeyləri asanlıqla əldə etməyə meyilli olurlar. Bu yanaşma informasiya qəbulunda acı nəticələrə, yalanın daha çox yayılmasına gətirib çıxarır. Odur ki, tənbəllik etməyib, informasiyanı bir neçə mənbədən təsdiqləmək və faktları yoxlamaq kimi effektiv texnikalardan yararlanmalıyıq.
Müstəqil düşünməklə: Düşünürəm ki, bir çoxumuzda başqalarının fikirlərinə görə addım atmaq, o cümlədən onların təsirinə düşmək kimi zəif cəhətlər var. Halbuki sadəcə digərlərinin fikirlərinə etibar etməkdənsə, faktları və mülahizələri təhlil edərək öz düşüncəmizi formalaşdırmalıyıq.
Növbəti sual: Mənbələri qiymətləndirmək və yanlış informasiyanı necə aşkar etmək olar?
Mənə görə, əksər hallarda asanlıq və çətinlik qoşa addımladığı kimi, informasiya bolluğunun da fəsadları var. Sosial media və onlayn platformaların artması etibarlı mənbələri yanlış informasiya yayanlardan ayırmaqda çətinliklər törədir. Mənbələri qiymətləndirməyə mötəbərlilik, qərəzlilik, məsuliyyətlilik, təcrübəlilik, etibarlılıq daxildir. Yanlış informasiyanı aşkar etmək dedikdə isə onun qəsdən və ya bilməyərəkdən media kanalları vasitəsilə paylaşıldığını müəyyənləşdirmək nəzərdə tutulur.
Mənbəni qiymətləndirmək və yanlış informasiyanı aşkarlamaq üçün bir sıra strategiyalar nəzərə alınmalıdır:
Mənbənin nə dərəcədə etibarlı oluğunu dəyərləndirmək: İnternetdə və ya televiziyada tribuna qazanan hər kəs doğru informasiya yaymır. Odur ki, mənbənin və ya müəllifin təcrübəsi, reputasiyası, peşəkarlığı, hər hansı müəssisəyə mənsubiyyəti təhlil edilməlidir.
İnformasiyanı bir neçə mənbədən təsdiqləmək: Bəzən bir saxta məlumat bilərəkdən və ya bilməyərəkdən bir neçə yerdə yayılır. Belə yerdə mötəbər mənbə axtarmaq lazımdır. İnformasiyanın doğruluğuna və ardıcıllığına əmin olmaq üçün mötəbər mənbələr ilə yoxlamaq önəmlidir.
Dəstəkləyici dəlillər axtarmaq: Dəlilsiz məlumat bir çox hallarda söz yığını, cəfəngiyyatdır. Odur ki, informasiyanın rəy və fərziyyələrə yox, güvənilən dəlillərə söykəndiyinə əmin olaq.
Qərəz və şəxsi yanaşma olmadığına nəzər yetirmək: Nə qədər obyektiv olmağa çalışsaq da, insan olaraq düşüncələrimiz, hisslərimiz bəzən cilovlanmır. Hər bir şəxsin qərəzi və şəxsi düşüncələri var. Bu, qərəzin təqdim edilən informasiyaya necə təsir edə biləcəyini təhlil etmək ən doğru yoldur.
Faktyoxlama: Hazırda Azərbaycan və xarici dillərdə faktları yoxlamaq üçün bir çox saytlar fəaliyyət göstərir. Sadəcə tənbəllik etmədən faktları yoxlamaq üçün fəaliyyətdə olan saytlar vasitəsilə iddiaların doğruluğunu təsdiqləmək lazımdır.
Digər bir amerikalı alim Renee Hobbsa görə, media ismarıcları xüsusi ideya, düşüncəni ötürmək və gündəmi yaratmaq məqsədilə paylaşılır. Qərəzi müəyyənləşdirmək media məzmununu tənqidi təhlil etmək və ismarıcı dərk etməkdə mühüm rol oynayır. Qərəz hər hansı bir informasiyanı tam deyil, bir qismini seçməklə təqdim etmək, inandırcı dildən istifadə etmək və ya müəyyən baxış açılarını materialda qeyd etməmək, yəni ixtisar etməklə özünü göstərə bilər.
Sonuncu mühüm sual: media ismarıclarını təhlil etmək və qərəzi müəyyənləşdirmək üçün nələr etmək olar?
Məqsədi müəyyənləşdirmək: Media ismarıcının niyyətini anlamaq lazımdır. Yəni kontentin məlumatlandırmaq, inandırmaq, əyləndirmək və ya təhrik etmək məqsədilə paylaşıldığını müəyyən etməliyik. İsmarıcın məqsədini müəyyənləşdirmək potensial qərəzi aydınlaşdırmağa kömək edir.
İsmarıcın dilini və tonunu yoxlamaq: Paylaşılan kontetin dilinə və tonuna xüsusi diqqət yetirməliyik. Qərəzli ismarıclarda emosional dildən və ağır yüklü ifadələrdən daha çox istifadə olunur.
Mənbənin baxış bucağını nəzərə almaq: Mənbənin məzmuna təsir edə biləcək potensial qərəzini, hansı müəssisəyə bağlılığını və şəxsi marağını qiymətləndirməliyik.
Alternativ baxış bucaqları axtarmaq: Məzmunu daha yaxşı anlamaq və şəxsiqərəzlilikdən yayınmaq məqsədilə mövzu ilə bağlı daha çox informasiya və fikirlərlə tanış olmalıyıq.
Ümumiyyətlə, analitik düşüncə qabiliyyətini inkişaf etdirmək, mənbələri qiymətləndirmək və media ismarıclarını təhlil etməklə hər birimiz daha diqqətli informasiya istehlakçısı ola bilərik. Yalnız bu halda müasir media mənzərəsinin çətinliklərindən xilas olmaq üçün daha yaxşı silahlana bilərik.
