Bu gün:

Skuter sürənlər cərimələnəcəkmi?


24media.az-ın "1-sual, 1-cavab" rubrikasının bugünkü qonağı nəqliyyat eksperti  Eldəniz Cəfərovdur. O, skuterlərin yol qaydalarını pozan zaman tətbiq olunacaq cərimələrdən danışıb.

 

Rusiyada skuterlərin yol qaydalarını pozmasına görə cərimələr tətbiq olunacaq. Sizcə, Azərbaycanda da belə bir hal ola bilər mi?

Bu gün bir çox ölkələrdə artıq biz nəqliyyat vasitəsi kimi skuterlərin çoxaldığını müşahidə edirik. Bu, bütün dünyada vüsət alan bir prosesdir, xüsusən də, koronavirus karantinləri zaman çatdırılma xidmətlərinin artımı ilə bu nəqliyyat vasitələrinin sayı da artdı. Eyni zamanda, skuterlərin bu gün Bakı şəhərində kirayəyə verilməsini də müşahidə edirik. 

Təəssüf ki, bir çox hallarda bizim cavan vətəndaşlarımız skuter idarə edən zaman yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Bu gün o yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr mövcuddur. Bunlar, əsasən, inzibati-xətalar məcəlləsi ilə tənzimlənir və bu səbəbdən də biz həmin vətəndaşlarımızı xəbərdar etmək istəyirik, onlar düşünməsinlər ki, skuter sürürlərsə, onları cərimə gözləmir. Təbii ki, elə deyil, cərimələrin hər biri inzibati-xətalar məcəlləsində öz əksini tapıb.

Artıq belə nəqliyyat vasitələrinin saylarının çoxalması, həmçinin bu nəqliyyat vasitələrinin iştirakıyla qəzaların sayının artırılması ilə düşünürəm ki, yol-hərəkəti qaydalarında müəyyən dəyişiklik edilməsinə ehtiyac var.

Yaşı 16-dan az olan vətəndaşlarımız bilməlidir ki, onların skuterləri avtomobil yolunda sürmək hüququ yoxdur. Onlar yalnız xüsusi ayrılmış yerlərdə həmin nəqliyyat vasitələrini sürə bilərlər. Yaşı 16-dan çox olan vətəndaşlarımız da bilməlidir ki, skuter və elektro-samokatları avtomobil yolunda sürürlərsə, mütləq dəbilqədən istifadə etməli, həmin nəqliyyat vasitələrinin ön və arxasında işıqlı fənərləri, eyni zamanda, siqnalları da mövcud olmalıdır. Ən əsası da bilməlidirlər ki, avtomobil yolunda üstünlük avtomobilindir, skuter və elektro-samokatların avtomobil yolunda üstünlüyü yoxdur. 

Bu gün çox vətəndaşlarımızı, xüsusən də, piyada olan və velosiped istifadəçilərini narahat edən bir hal vardır ki, onlar üçün ayrılmış əraziləri bu nəqliyyat vasitələri zəbt edib. Xarici şirkətlər Azərbaycanda müxtəlif kirayə şirkətləri açıblar və skuterləri kirayəyə verirlər. Amma, bunun üçün xüsusi ayrılmış yerlər olmalıdır. Lakin onlar belə olmayan yerlərdə skuterləri saxlayırlar. Əsasən, piyada zolaqlarında hərəkət edir, velosipedçilərin yollarında "şütüyürlər". Çatdırılma şirkətləri elə düşünürlər ki, bu yollar xarici şirkətlər üçün nəzərdə tutulub, ancaq, əsla belə deyil. Həmin yollar Azərbaycan Respublikasının büdcəsi hesabına yaradılıb və daşınma-çatdırılma şirkətləri bu velosiped zolaqlarından istifadə etmək istəyirlərsə, ölkənin büdcəsinə müəyyən rüsum ödəməlidirlər.


Günay Məmmədova

Paylaş
Şərh əlavə et