Bu gün:

"Cəmiyyət kimin jurnalist, kimin reket olduğunu anlayacaq"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi jurnalist Əfsələddin Ağalarovdur. O, jurnalist vəsiqələri  danışıb.

Azərbaycanda jurnalist vəsiqəsinin forması, vəsiqənin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Eyni zamanda, beynəlxalq praktikaya uyğun olaraq jurnalistlərin könüllülük əsasında Media Reyestrinə daxil edilməsi nəzərdə tutulub. Media Reyestrinə daxil edilmiş jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən jurnalist vəsiqəsi veriləcək. Bəs, jurnalist vəsiqələrinin verilməsinin media sahəsində hansı nəticələri olacaq?

Jurnalist vəsiqələrinin verilməsinin əsas səbəblərindən biri uzun illərdir Azərbaycan cəmiyyətində reket jurnalistikasının geniş yayılmasıdır. Araşdırmalar göstərir ki, bunun əsas səbəblərindən biri istənilən şəxsin MMC yaradaraq, Vergilər Nazirliyində şirkət adını qeydiyyatdan keçirib sayt açmasıdır. Bu saytlardan istifadə edərək jurnalist vəsiqəsi almaq və insanları şantaj etmək reket fəaliyyətinin geniş yayılmasına səbəb olub. Belə bir mühitdə hər bir agentlik tərəfindən jurnalist vəsiqələrinin verilməsi prosesi başladıldı. Media subyektləri və tələbə jurnalistlərin reyestrdan keçirilməsi məsələsi gündəmə gətirildi və razılaşdırıldı. 3 il ərzində fəaliyyətdə olan, rəsmi qeydiyyatda olan və iş yeri olan jurnalistlərə vəsiqələrin verilməsi prosesi başlandı. Təbii ki, bu təqdirəlayiq bir addımdır. Burada əsas məqsəd reket jurnalistikasının sıradan çıxarılmasını sürətləndirməkdir.

Əslində, məsələ yalnız vəsiqələrin verilməsi deyil. Praktika göstərir ki, vəsiqələrin verilməsi reket jurnalistikası ilə mübarizənin qarşısını tam ala bilməyib. Bu gün də reket jurnalistikası müəyyən səviyyədə mövcuddur. Bunun əsas səbəblərindən biri media savadlılığının istənilən səviyyədə olmamasıdır. Mən düşünürəm ki, Azərbaycanda media savadlılığı sürətli şəkildə artdığı zaman media mühitində təmizlənmə öz-özünü formalaşdıracaq. Cəmiyyət artıq kimin jurnalist, kimin reket olduğunu anlayacaq və cəmiyyət özü bu insanları ələyəcək. Jurnalist vəsiqələrinin verilməsi və onların davam etdirilməsi mənim fikrimcə təqdirəlayiqdir. Bu, ümumillikdə, media mühitinin təmizlənməsi istiqamətində atılan mühüm addımlardan biridir.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et