"Hedonik aclıq" nədir?

Qida ilə münasibətimiz mürəkkəbdir və çox vaxt sağlam deyil.
Qidalı və ləzzətli yeməkdən sonra belə zövq üçün qəlyanaltı yediyiniz heç olubmu? Əgər belədirsə, ekspertlərin "hedonik aclıq" kimi təyin etdiyi yemək vərdişi ilə qarşılaşa bilərsiniz.
Alimlər bu vəziyyəti "aclıq motivasiyası ilə deyil, zövq üçün yemək qəbul etmək istəyi" kimi izah edirlər. Bu yemək vərdişi öz adını yunan sözündən götürüb, mənası "zövq" deməkdir. "Hedon" həm də yunan mifologiyasında həzz ilahəsidir.
Bədənimiz pəhrizdən aldığımız enerji və ya istifadə etdiyimiz qida və içkilərdən aldığımız kalorilərlə işləyir. Aldığımızdan daha çox kalori yandırdığımız zaman bədənimiz iştahımızı artıraraq cavab verir. Bunun səbəbi, mədəmizin boş olduğu zaman beynimizə ac olduğumuzu bildirdiyi hormonal sistem var. Bu vəziyyət "fiziki aclıq" kimi tanınır.
Alimlərin fikrincə, “Hedonik aclıq” bioloji deyil, yeməkləri sırf zövq üçün tükətmək istəyidir.
İngiltərədəki Lids Universitetində iştaha və enerji balansı üzrə professor Ceyms Stabbs deyir: "Demək olar ki, hər kəsin hedonik yemək vərdişləri var və hər kəsin zövqlə motivasiya olunan məqsədyönlü davranışları var. Bəzi insanlar üçün yemək başqalarına nisbətən daha böyük zövqdür".
Professor Stabbs deyir ki, yemək vərdişlərimiz əsasən həzzdən başqa səbəblər, məsələn, emosiyalar, stress və narahatçılıqdan qaçınmaq kimi amillərlə formalaşır.
Liverpul Universitetinin "İştah və Piylənmə" araşdırma qrupunun müəllimi və tədqiqatçısı Dr. Betan Mid deyir: "Biz tez-tez təbii olaraq yüksək yağ, duz və şəkər olan qidalara meyl edirik, çünki onlar yaxşı enerji mənbəyi kimi görülür".
“Bizi bu qidalara onların verdiyi enerji və yemək zamanı verdiyi həzz cəlb edir. Buna görə də onların xoş xüsusiyyətlərinə görə (hedonik aclıq) yoxsa fiziki bioloji duyğuya görə tükətdiyimizi ayırd etmək çətindir.
Mənbə: bbc
Tərcümə etdi: Nuray Mürsəlova
