2020-ci ildə təyyarə qəzalarında ölənlərin sayı əvvəlki illə müqayisədə artıb.

Koronavirus epidemiyasına baxmayaraq, 2020-ci il üçün məlumatlar təyyarə qəzalarında daha çox insanın həyatını itirdiyini ortaya qoydu.
Hollandiyanın "To70" konsaltinq şirkəti keçən il aviasiya qəzalarında 299 nəfərin öldüyünü açıqlayıb. 2019-cu ildə bu rəqəm 257 olub.
Hava trafikini izləyən "Flightradar 24" veb-saytı Covid-19 epidemiyası səbəbindən uçuşların sayının 42 faiz azaldığını qeyd edir.
"To70" tərəfindən yayımlanan açıqlamaya görə, böyük təyyarə qəzalarının qiymətləndirilməsinə qeyri-qanuni müdaxilə nəticəsində baş verən aviasiya fəlakətləri də əlavə edilib.
İran silahlı qüvvələri tərəfindən raketlə səhv salaraq vurulan Ukrayna Hava Yollarına məxsus təyyarə də nəzərə alınıb. 176 nəfərin həyatını itirdiyi bu hadisədən sonra İran bir müddət məsuliyyəti üzərinə götürməkdən imtina edib. Lakin məsuliyyəti öz üzərinə götürdükdən sonra həlak olanların ailələrinə 150 min dollar ödəniləcəyi açıqlanıb.
2019-cu ildə 86 təyyarə qəzası olduğu halda, 2020-ci ildə 40 qəza baş verib. 2020-ci il məlumatları arasında Pakistanın Kəraçi şəhərində 86 nəfərin öldüyü təyyarə qəzası da diqqət çəkir.
Məlumatlar arasında, "Pegasus Hava Yolları"nın "Sabiha Gökçen Hava Limanı"na eniş edərkən yaşadığı və 3 nəfərin həyatını itirdiyi qəza daxildir.
Qeyd etmək lazımdır ki, 2017-ci il rekordlar başlayandan bəri qlobal aviasiya sənayesinin ən təhlükəsiz ili olub. Həmin il ölümlə nəticələnən sərnişin təyyarəsi qəzası baş verməyib.
Mənbə: bbc.com
Tərcümə etdi: Səmayə Qədirova
