Bu gün:

“Bunun özü manipulyasiyadır, jurnalistikaya yaddır”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Aztv-nin Teleradio Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri, PhD Almaz Mahmuddur. O, düzgün xəbər başlığının seçilməsi haqqında danışıb.


Düzgün xəbər başlığı necə seçilməlidir?

Düzgün xəbər başlığı həmin xəbərin mahiyyətinə, məğzinə, məzmununa tam uyğun olmalıdır. Həmin məzmunu önə çıxarmalı, diktə etməlidir. Həmçinin xəbər başlığı çəkici olmalı, açar xarakteri daşımalı, diqqəti cəlb etməlidir. Yazını oxumağa məhz xəbər başlığı insanı sövq etməlidir.

Şablon xəbər başlıqları heç vaxt diqqəti cəlb etmir, başlıq, demək olar ki, yazının özü qədər mühümdür. Xəbər başlığı qoyarkən mütləq manipulyasiyadan uzaq olmaq lazımdır. Bəzən xəbər başlığın oxuyursan və ardından xəbərə baxanda görürsən ki, başlıq mövzu ilə tamamilə əlaqəsizdir. Bu yaxınlarda Azərbaycan-ABŞ arasında siyasi məsələlərdə bir qədər gərginlik mövcud idi və belə bir xəbər başlığı yayılmışdı: ABŞ-ın Azərbaycandakı səfirliyi bağlanılır. Bu başlıq həmin dəqiqə insanların diqqətini cəlb edir, fəqət yazının içinə baxdıqda görürsən ki, yazılıb: müəyyən səbəblərə görə, bir neçə gün səfirlik işləməyəcək.

Bu ya onların bayramı ilə bağlı idi ya da hansısa bir hadisə ilə, heç bir siyasi proseslərə aiddiyyatı yox idi, fəqət manipulyasiya yolu ilə saxta xəbər başlığı yazılmışdı. 

Bəzi başlıqlar yazının içində olduğunu tam göstərə bilər, fəqət o zaman belə diqqətli olmaq lazımdır. Məsələn, Heydər Əliyev hakimiyyətdə olan zaman onun qardaşı Cəlal Əliyev həm tanınmış alim, həm də prezidentin qardaşı, ictimai-siyasi xadim, parlamentdə təmsil olunan millət vəkili idi. O zaman belə bir xəbər başlığı yayılmışdı ki, Cəlal Əliyev ölüb. Bu başlıq, əlbəttə ki, hamının diqqətini çəkdi. Sonra yazının içini oxuyanda gördük ki, Cəlal Əliyev adlı adi bir vətəndaş dünyasını dəyişib. Bunun özü manipulyasiyadır, jurnalistikaya yaddır. Belə başlıqların verilməsi jurnalistika üçün yolverilməzdir.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et