Bu gün:

"Yalançı ekspertləri cəmiyyətə sırımaq xalqa xəyanətdir"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Mətbuat Şurasının idarə heyətinin üzvü Hacıbəy Heydərlidir. O, Azərbaycan televiziyalarındakı ekspertlər barəsində danışıb.

Son günlər sosial şəbəkələrdə və mətbuatda efirlərə dəvət olunan ekspertlərin çıxışları gülüş doğurur. Belə ki, bəzən mövzudan xəbərsiz, efir etikası və mədəniyyətindən uzaq olan "ekspert"lər özlərini gülüş hədəfinə çevirirlər. Onların çıxışları sosial şəbəkələrdə müzakirə edilir. Bəs, görəsən, televiziya eksperti kimi çıxış etmək üçün hansı göstəricilərə əməl etmək lazımdır?

"Əvvəla, televiziya kanallarında təkcə ekspertlər yox, ümumiyyətlə, verilişlərin səviyyəsi ilə bağlı cəmiyyətdə ciddi narazılıqlar var. Artıq bir neçə aydır ki, sosial şəbəkələrdə görürük ki, bu məsələ ilə bağlı etirazlar, narazılıqlar mövcuddur. Son dövrlərdə televiziya kanallarının rəhbərlərinə ciddi tapşırıqlar verilməsini müşahidə etdik. Bundan sonrakı mərhələdə ümid edirik ki, cəmiyyətimizin arzuladığı verilişlər televiziya ekranlarında yayımlanacaq. Efirlərdə olan ekspertlərə gəldikdə isə çox təəssüflər olsun ki, bu da bir reallıqdır ki, ekspert deyilən şəxslər heç də cəmiyyət tərəfindən qəbul edilən şəxslər deyil. Onların çoxu, xüsusən də verilişlərə sponsor kimi cəlb olunan şəxslər ekspert kimi çıxışlar edirlər. Heç bir nüfuzu olmayan, sözünün dəyəri olnayan bu şəxslərin televiziyada ekspert kimi tanıdılması, müxtəlif efirlərə dəvət alması cəmiyyətdə narazılıq doğurur. Bu baxımdan, növbəti mərhələlərdə ekspertlər barəsində də ciddi dəyişikliklərin olacağını gözləmək olar. Cəmiyyətdə sevilən, peşəsi üzrə hörmət qazanmış şəxslərin bu verilişlərdə ekspert olmaq haqqı var. Təəssüfləndirici əsas məqam odur ki, efirlərdə ekspert kimi çıxış edən şəxslərin bəziləri, ümumiyyətlə, cəmiyyətdə adları ancaq neqativlə hallanan, milli-mənəvi dəyərlərdən uzaq, insanları aşağılamaqla, təhqir etməklə məşhurlaşan şəxslərdir. Onlar efirlərə çıxıb, xalqa "ağıl öyrədirlər". Bu da əlbəttə ki, cəmiyyətdə qıcıq yaradır. Xüsusən ailə-sosial mövzulu verilişlərdə belə şəxsləri ekspert kimi cəmiyyətə sırımaq, xalqa xəyanətdir.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et