Bu gün:

Jurnalistlər övladlarının gələcək peşə seçimlərindən DANIŞDILAR



1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar böyüklərdən fərqli düşünür, hələ kiçik yaşlarından gələcək peşələri barədə qərar verirlər. Bir sıra hallarda isə valideynlər övladlarının istəklərinə təsir etməyə çalışırlar.

Bəs azərbaycanlı tanınmış jurnalistlər öz övladlarının peşə seçiminə qarışırlarmı? Övladlarının da jurnalist peşəsinə yiyələnmələrini istəyirlərmi?

 24Media.az bu sualla jurnalistlərə müraciət edib:

Modern.az saytının əməkdaşı Gülşən Raufqızı hesab edir ki, ixtisas, peşə seçimi tamamilə azad olmalıdır:

“Övladlarım hələ ki, peşə seçimi yaşlarında olmasalar da, oğlum polis, qızım modelyer-dizaynerliyi arzulayır. Onlarla söhbət zamanı “mən jurnalist olacam” arzusunu eşitməmişəm. Mən çox istəyərəm ki, övladlarım həkim olsun. Amma onlara bu peşənin sahibi olmalısan basqısını etmərəm, sadəcə zamanla ayaqlaşmağı məsləhət görə bilərəm. Uşaqlardan hansısa jurnalist olmaq istəsə, yəni bu qabiliyyəti onda görsəm, yalnız dəstək olaram. Qabiliyyət deyirəm, çünki jurnalistika elə sahədir ki, burada tapşırıqla, “şirinliklə” özünə iş tapa bilməzsən. Bizdə bir az dəbdir axı, kimsə özünə yer edən kimi ətrafına dost-tanışını yığır. Bu baxımdan, o günləri görmək qismətimiz olsa, hər şey onların istəyinə, arzusuna uyğun olacaq”.

Əməkdar  jurnalist  Elnare Dərziyevanın sözlərinə görə, hazırda əksər ailələrin təməli düzgün qurulmur və bunun bədəlini uşaqlar ödəyir:

“Əvvəlcə onu qeyd edim ki, uşaqların müdafiəsi daima gündəmdə saxlanılmalı məsələlərdəndir. Çünki bu məsələ bir çoxları kimi məni də narahat etməkdədir. Elina və onun timsalında hər il onlarla uşaq intihara cəhd edirsə, deməli, biz uşaqlarımızı müdafiə edə, onları düzgün böyüdə bilmirik. Bu ailəmizin təməlinin düzgün qurulmadığına bir işarədir və bunun bədəlini uşaqlar ödəyir. Bu səbəbdən hər bir valideyn uşağını dünyaya gətirdiyi gündən başlayaraq onu düzgün tərbiyələndirməli, anlamağa çalışmalı, fikirlərinə hörmətlə yanaşmalıdır. Uşağın gələcəkdə seçəcəyi peşə də özünün sevdiyi peşə olmalıdır. Əgər övladımın ürəyi jurnalist olmaq istəyərsə, niyə də yox?

Düzdür, indi o həkimliyə maraq göstərir. Onun yaşı azdır, düşünürəm ki, hələ çox peşələrə maraq göstərəcək. Amma bunun heç bir fərqi yoxdur. Daima övladımın fikirlərinə hörmətlə yanaşan ana olmuşam. Özünün niyyəti hara olacaqsa, mənzili də ora olacaq”.

REAL telekanalının əməkdaşı Afət Telmanqızı isə övladının seçiminə qarışmayacağını bildirdi:

“Jurnalistika mənim peşəmdir. BDU-nun Jurnalistika fakültəsinin bakalavr ve magistr pillələrini bitirmişəm. Sevdiyim, seçdiyim peşədir. Əgər övladım bu peşəni mənim sevdiyim qədər sevsə, jurnalistikaya marağı, həm də qabiliyyəti olsa, niyə də olmasın?  Amma onları heç vaxt  bu sahəyə mənim peşəmi davam etdirsinlər deyə cəlb etmərəm . Zorla heç nə olmur, seçimlər və istəklər sərbəstdir. Qeyd edim ki, oğlum Ülvi hələ 4 yaşındadır. Bəzən polis, bəzən aşpaz olmaq istədiyini deyir. Qızım Cəmilə isə həkim olmaq istəyir”.

ARB telekanalının əməkdaşı Aynur Nəsirova da övladının peşə seçiminə hörmətlə yanaşacağını deyir:

“Hansı peşəni seçəcəyi övladlarımın özlərindən asılıdır. Özlərini hansı peşədə təsəvvür edirlərsə, qoy onu seçsinlər. Jurnalistikanı seçməklərinə də istəyərəm. Əgər həqiqətən də istedadı varsa və öz ayaqları üstündə dura biləcəksə, niyə də olmasın?

Xəbər duyumu olan hər bir tələbəmə həvəslə göstərdiyim dəstəyi övladımdan da əsirgəmərəm".

ATV-nin əməkdaşı Pərvin Əsgərli qızının jurnalist olmaq istədiyini söylədi:

“Uzun müddətdir ki, mən jurnalistikayla məşğulam, telejurnalist kimi fəaliyyət göstərirəm. Bu sahəyə gələndə hər kəs kimi müəyyən çətinliklərim olub. Bir az çətin peşədir. Lakin övladım bu sahəni seçərsə, digər məsələlərdə olduğu kimi bu məsələdə də onun fikrinə hörmətlə yanaşaraq çətinliklərin öhdəsindən gəlməyə kömək edəcəm. Qızıma daima fərd kimi yanaşmışam, səhv düşündüyü məqamlarda onunla söhbət edərək doğru olanı izah etməyə çalışmışam. Əsas məsələ,qızım jurnalist olacaqsa, mənim kimi Jurnalistika təhsili yüksək səviyyədə olmalıdır. Bu yaxınlarda qızım mənə jurnalist olmaq istədiyini bildirdi. Ola bilər ki, böyüdükcə fikri dəyişsin, lakin bu mənim ona daima dəstək olacağım həqiqətini dəyişmir“ 

REAL telekanalının əməkdaşı Ləman Ələşrəfqızı uşaqların beynəlxalq müdafiəsindən narazılığını bildirdi:

“Əvvəlcə 1 iyun barədə fikirlərimi deyim. Mən düşünürəm ki, bu günü təsis edənlər sadəcə uşaqları aldadıblar. Hansı beynəlxalq müdafiədən danışırıq ki, hər gün minlərlə uşaq aclıq, müharibələr səbəbindən ölür. Somalidə içməyə bir ovuc su tapılmır, Suriyada və bir sıra ölkələrdə uşaqlar qanına qəltan edilir. Hansı  beynəlxalq müdafiədən danışırıq ki, 2 yaşlı Zəhramız namərd erməni  gülləsindən həyatını itirdi. Mən bu günə ibarəli təbriklər yaza bilmirəm. Bu gün də riyakar siyasət adamlarının başı altından çıxıb və nə mahiyyəti var anlaya bilmirəm".

O, qızının xalqa xidmət edən jurnalist olmağını istədiyini vurğuladı:

"Mənim övladım hansı peşə sahibi olmaq istəsə, olacaq. Mənim kimi jurnalist olacaqsa, bu peşəni seçsin. Qızım jurnalist olacaqsa, xalqa xidmət edən jurnalist olmalıdır. Mənfəət güdən, yalnız məvacibi düşünən indiki bəzi jurnalistlərə bənzəməyən əsl jurnalist olacaqsa, qoy olsun”.

Paylaş
Şərh əlavə et