
Həm bakteriya, həm də viruslar adi gözlə görülməyəcək qədər kiçikdir. Bəs yalnız mikroskopun köməyi ilə baxıla bilən bakteriya və virusları fərqləndirən xüsusiyyətlər hansılardır?
Bakteriyalar və viruslar arasındakı ən mühüm fərqlərdən biri onların yaşamaq və çoxalmaq üçün istifadə etdikləri üsullardır. Bakteriyalar DNT, ribosom, sitoplazma, hüceyrə divarı və hüceyrə membranına malik olan təkhüceyrəli orqanizmlərdir. Bəzi bakteriyaların hərəkət etmələrini təmin edən quyruğa bənzər flagella və ya səthlərə yapışmalarını təmin edən pili adlanan tük kimi strukturları var. Bakteriyalar istənilən mühitdə yaşaya bilər. Onların yaşamaq üçün başqa canlı hüceyrəyə ehtiyacı yoxdur.
Bakteriyaların hüceyrə quruluşu:

Viruslar isə yaşamaq üçün canlı hüceyrəyə ehtiyac duyurlar. Bu hüceyrəyə əsas hüceyrə deyilir. Bütün virusların strukturuna onların əsas, ana hüceyrə daxilində çoxalmasına və həyati fəaliyyətini davam etdirməsinə imkan verən DNT və ya RNT, həmçinin onları qoruyan kapsid adlı zülal örtüyü daxildir.
Bütün bakteriyalar zərərli deyil. Təbiətdə çoxlu faydalı bakteriyalar var. Məsələn, azot bakteriyaları təbiətdəki azot dövranının davam etməsini təmin edir, okeanlarda yaşayan fotosintetik bakteriyalar atmosferdəki karbon qazından istifadə edərək oksigen əmələ gətirir, bağırsaqlarımızda yaşayan bakteriyalar qida maddələrinin həzmində və sorulmasında rol oynayır.
Viruslar yalnız zərər verir. Onlar daxil olduqları ana hüceyrədən istifadə edərək DNT və ya RNT-ni təkrarlayırlar. Beləliklə, özlərinin surətlərini yaradaraq digər hüceyrələrə hücum edirlər. Yoluxmuş sağlam hüceyrələr isə ölür.
Bəzi bakteriya növləri vərəm, meningit və sidik yollarının infeksiyası kimi xəstəliklərə səbəb ola bilər. Bu xəstəliklər antibiotiklərlə müalicə edilə bilər. Viruslar insanlarda qrip, soyuqdəymə, qızılca və məxmərək kimi xəstəliklərə, həmçinin COVID-19 (yeni növ koronavirusun yaratdığı xəstəlik), SARS (ağır kəskin respirator sindrom), MERS (Yaxın Şərq tənəffüs sindromu) kimi epidemik xəstəliklərə səbəb olur. Virusların yaratdığı xəstəliklər antibiotiklərlə müalicə edilə bilməz. Xəstəliyə qarşı ya peyvənd istehsal olunur, ya da xəstəliyə xüsusi müalicə tətbiq edilir.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
