Bu gün:

Ölümdən sonra şüur ​​nə qədər açıq qalır?


Ölüm insanların ən çox düşündüyü şeylərdən biridir. Ölüm bir dəfə olur və geriyə dönüş yoxdur. Ölümlə bağlı bir çox ehtimalı düşünərkən şüur da bu düşüncələr arasındadır. Həqiqətənmi həyatımız bir film zolağı kimi gözümüzün qabağından keçir?

Böyük Britaniyanın Bangor Universitetinin koqnitiv nevrologiya professoru Guillaume Thierry beynin bədəni tərk etdikdən sonra nə qədər məlumatı emal etməyə davam edəcəyi barədə çox düşünüb. Deyirlər ki, o, Fransa inqilabı tarixini oxuyanda “gilyotin” anlayışına rast gələndə bu məsələ onun beynini çox məşğul edib. Gilyotin ölüm cəzasında insanların başını kəsmək üçün istifadə edilən bir vasitədir.

6 dəqiqə sonra

İndiyə qədər edilən araşdırmalar göstərib ki, beyin ürəyi dayandıqdan 6 dəqiqə sonra ölür. Alim əlavə edib ki, ölüm anında beyindəki pozulma heç vaxt geri qaytarıla bilməyəcək səviyyəyə çatır və bu anda şüur hiss etmək qabiliyyətini itirməyə başlayır. Siçanlar üzərində aparılan təcrübələrə əsasən, huşunu itirdikdən bir dəqiqə sonra sinir fəaliyyətinin dayandığı müşahidə edilib və nəticələr bu fərziyyəni təsdiqləyib.

Daha uzun çəkə bilər

Lakin alim Guillaume Thierry-ə görə, insanlarda bu müddət daha uzun ola bilər. Bu yaxınlarda apardıqları təcrübədə alimlər 87 yaşlı epilepsiya xəstəsini müayinə etmək üçün elektroensefaloqrafiya (EEQ) cihazından istifadə ediblər. Lakin xəstə infarktdan dünyasını dəyişib və bu gözlənilməz hadisə alimlərə ilk dəfə ölən insanın beyin fəaliyyətini qeydə almağa imkan verib. Bu təcrübə nəticəsində beyin ölüm prosesi zamanı 15 dəqiqə aktiv olaraq qalıb. Thierry bu mövzuda ekstremal vəziyyətlər yaşayan insanların 6, 7, 8 və hətta 10 dəqiqədən sonra həyata qayıda biləcəyini, buna görə nəzəri olaraq beynin bağlanmasının saatlarla çəkə biləcəyini ifadə edib. 


Mənbə: Milliyet 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et