Bu gün:

Qrafik dizayn sahəsinin müsbət cəhətləri, çətinlikləri nələrdir?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi qrafik dizayner Nübar Aslanovadır. O, qrafik dizaynın müsbət və mənfi cəhətlərindən danışıb.

-Qrafik dizayn öyrənmək istəyən insanların ən böyük motivasiyası nə olmalıdır, bu sahənin müsbət cəhətləri və çətinlikləri nələrdir?

Bəzən olur ki, işimizdə özümüzü, fikrimizi, xəyallarımızı, arzumuzu və ya düşüncə tərzimizi  təqdim edə bilmirik. Amma qrafik dizayn elə bir sahədir ki, insan orada bacarıqlarını düşüncələrini, fikirlərini, öz şəxsi üslubunu belə təqdim edə bilir. Həqiqətən, bu çox gözəl bir motivasiyadir. Qrafik dizayna başlamazdan əvvəl marketlərdə müxtəlif növ qablaşdırmaları gördükdə necə gözəl hazırlandığını düşünürdüm və yaxud küçədən keçdiyimiz zaman reklam materialları ilə qarşılaşanda istəmsizcə “necə gözəl hazırlayıblar” belə bir düşüncə yaranırdı. Qrafik dizayn sahəsinə yiyələndikdən sonra insanda artıq vitrinlərə baxarkən “mən bunu edərəm” düşüncəsi yaranır. Artıq o gördüyümüz, bəyəndiyimiz işləri özümüz də edə bilərik. Qrafik dizaynın müsbət cəhətlərindən biri budur ki, insana sərbəstlik verir, bu sərbəstliklə yanaşı, edə biləcəklərində bir məhdudiyyət qoymur. Başqa bir müsbət cəhətlərindən biri isə bu sahənin günü-gündən inkişaf etməsidir və bu inkişafa biz ayaq uydurmalıyıq. Qrafik dizayn günü-gündən böyüyən, öz daxilində yeni proqramlar, yeni funksiyalar əlavə edən bir sahədir. Bir neçə proqramı bilməklə qrafik dizayner olmaq o qədər də asan deyil. Bu səbəbdən qrafik dizaynın mənfi cəhətlərindən biri budur ki, siz daima öyrənməyə davam etməlisiniz. Qrafik dizaynla məşğul olan insanlar yeni və digər əlaqəli sahələrdə çalışa bilərlər. Elə bir iş sahəsi yoxdur ki, qrafik dizayna ehtiyac duymasın. Qrafik dizaynla məşğul olmaq, sadəcə, bir sahəyə yönəlmək deyil, dünyagörüşünün artması və daha çox insanla kommunikasiya yaratmaq deməkdir. Digər üstün cəhətlərindən biri isə Azərbaycanda yaşayaraq da sərbəst olaraq dünyanın ən məşhur ölkələri ilə əməkdaşlıq edib, işlər götürə bilərsiniz. Günümüzdə insanların ən böyük problemlərindən biri özlərinə yetərincə zaman ayıra bilməməsidir. Qrafik dizayn isə ofislərə getmədən də, sərbəst olaraq evdən və ya olduğumuz yerdən də işləmə şansını tanıyır.

Gülsər Qədirli

Paylaş
Şərh əlavə et