Bu gün:

“Peşə təhsili ölkənin iqtisadi inkişafına birbaşa təsir edir”



24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi təhsil üzrə ekspert Qoşqar Məhərrəmovdur. Ekspert Qarabağ Universitetinin tərkibində yaradılması nəzərdə tutulan peşə təhsil müəssisəsi barədə danışıb.

-Sizcə, Qarabağ Universitetində yaradılacaq peşə təhsili müəssisəsi nələri vəd edəcək?

Peşə təhsili inkişaf etməkdə olan ölkələrin ən aktual məsələlərindən biridir. Azərbaycan da, həmçinin hazırda texniki işçi idxal edən bir ölkədir. 

Bir çox peşə sahələri var ki, məsələn, dəniz altında qaynaqçılıq, zootexniklik, texniki bilik tələb edən peşələr, xüsusi innovativ rəngsazlıq, çilingərlik və yaxud müxtəlif inşaat sektorunun sahələrində işçi problemi var. Məhz buna görə də, ölkədəki bir çox şirkətlər çox zaman xaricdən mütəxəssislər idxal edir. Və bu mütəxəssislər bəzən ali təhsil məzunu belə deyillər. Ona görə də, ölkədə texniki işçi peşə mütəxəssisi yetişdirilməsi vacib məsələdir. Bu səbəbdən Azərbaycanda son dövrlərdə peşə təhsili üzrə islahatlar keçirilir. Peşə təhsili üzrə müəssisələrin bir qismi müasirləşir. Ancaq bu bütün peşə təhsili müəssisələrini əhatə etməlidir. Çünki peşə təhsili ölkənin iqtisadi inkişafına birbaşa təsir edir. Buna görə də, inkişaf etmiş ölkələrdə peşə təhsilinin qabaqcıl təcrübəyə sahib olduğunu görmək olar. 

Orta məktəbi bitirən insanların bir çoxu ali məktəb yerinə birillik, ikillik peşə təhsili müəssisələrinə gedir və daha tez yolla peşəyə yiyələnir, həyata atılır və artıq gəlir ödəyən, iqtisadiyyata töhfə verən bir vətəndaşa çevrilirlər. Azərbaycanda isə şagirdlərin həyata atılması müəyyən qədər yubadılır. Çünki ölkədə şagirdlərə yalnız bir alternativ təqdim olunur. Bu alternativ də, adətən, ali təhsil olur. Ali təhsildə isə 4 il oxumalı, sonra 2 il magistratura oxumalı və s. kimi onlara bir yol cızılır. Halbuki daha qısa yollarla insanlar daha rahat peşə sahibi ola bilərlər, daha sevdikləri və onlara uyğun olan peşəni icra edə bilərlər. Ona görə də həm iqtisadi cəhətdən, həm də insanların rifahı cəhətdən peşə təhsili ön planda tutulmalıdır. Və bu yolda gedən addımların daha sürətli və geniş miqyasda olması arzulanmalıdır.

Qarabağ universitetində də belə bir təhsil müəssisələrinin: ali təhsil müəssisəsi, peşə təhsili müəssisəsinin yaradılması çox qabaqcıl və təqdirəlayiq bir addım hesab olunmalıdır. 

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et