Bu gün:

"Uğurlu olmaq üçün oyunçunun məşqlərdə davamiyyəti mütləqdir"


24Media.az-ın növbəti “İlkin“ voleybol komandasının məşqçisi və Respublika dərəcəli hakimi Bəxtiyar Hüseynovdur. O, voleybolun bugünkü vəziyyətindən və bu idman sahəsinin keçdiyi inkişaf yollarından bəhs edib.

 

Müsahibənin əvvəlində voleybol məşqçisi Bəxtiyar bəy Azərbaycanda voleybolun indiki vəziyyətindən danışdı:


"İndiki voleybolun vəziyyəti ötən illərə nisbətən qənaətbəxşdir. Çünki Azərbaycan Voleybol Federasiyası rəhbərliyində dəyişiklik oldu və onun idarəsi Gömrük Komitəsinə tapşırıldı. Bugünkü şərtlərdə Azərbaycan Gömrük Komitəsinin sədri Şahin Bağırov çox dəstək olur və ən əsası bizim üçün də çox vacib olan infrastruktura fikir verir. Azyaşlı voleybol qruplarına xüsusi diqqət ayrıldı və azyaşlı oyunçular seçilərək onlar üçün turnirlər təşkil olundu. Ölkəyə türk mütəxəssislər və məşqçilər dəvət olundu. ‘’İlkin’’və ‘’İask’’ voleybol komandası müstəqil fəaliyyət göstərir. Azyaşlı oyunçularımız Azərbaycan Voleybol Federasiyasında  oynayır və voleybolla daha ciddi məşğul olurlar. Hamımızın məqsədi gələcək üçün daha peşəkar voleybolçuların yetişdirilməsidir. Komandamızda azyaşlı uşaqları professional voleybolçu kimi inkişaf etdiririk. Düşünürəm ki, voleybol ən yaxşı dönəmlərini keçirir, çünki maliyyə dəstəkləri və turnirlər təşkil edilir. Həmçinin azyaşlı qruplar üçün də yarışlar yaxın zamanlarda həyata keçiriləcək.

Bildiyiniz kimi, ölkə çempionatında liqa, super liqa yarışları keçirilir və yarışda iştirak edəcək komandaların sayı artırılıb. Bu çox sevindirici haldır ki, Bakı şəhər komandalarından başqa, Azərbaycanın böyük şəhərlərindən olan Gəncəni təmsil edən voleybol klubu yaradılıb və ölkə çempionatında bu komandanın iştirak etməsi böyük uğurdur. Arzu edirik ki, növbəti illərdə bölgə təmsilçiləri, həm qız, həm də oğlanlardan ibarət bölgə komandalarının sayı artar. Ölkə çempionatında legionerlərin yerli voleybolçularla oynaması da onların inkişafına çox böyük töhfə verir".

 

Müsahibimiz uğurlu voleybolçu üçün ən vacib olan nüansı qeyd edir:


"Uğurlu olmaq üçün oyunçunun məşqlərdə davamiyyəti mütləqdir. Şahid olduğum hadisələrə əsasən demək istərdim ki, bir neçə tanıdığım voleybolçu peşəkar səviyyədə voleybol ilə məşğul olublar və xarici ölkələrdə legioner həyatı yaşayıblar. Onlar tələb olunan qaydaya əməl etmədikdə həvəsdən düşüblər və məşqləri ölkə daxilindəki klublarda davam etdiriblər.  

Çox təssüf ki, insanlar uğur əldə edəndə müəyyən bir yerdə dayanırlar. Uğur qazanmaq təkcə voleybolçu olmaqla  əlaqəli deyil. Onu qazanan hər kəs bunun davamını fikirləşməlidir. Uğura nail olduqdan sonra o, asan görünə bilər, amma onu qoruyub saxlamaq çətindir".


O, komandaya oyunçu seçərkən bu xüsusiyyətlərə diqqət etdiyini vurğulayır:


"Voleybol üçün zəruri şərtlər oyunçunun boyu, yaşı və aktivliyidir. Əlbəttə ki, genetik olaraq oyunçunun valideynlərinin boy məsələsinə də fikir veririk. Ümumiyyətlə, voleybola daha erkən yaşlardan, yəni 8-12 yaşında başlamaq məqsədə uyğundur. Türkiyə milli komandasının oyunçusu Zəhra Günəş də voleybola 12 yaşından başlamışdır".


Bəxtiyar Hüseynov voleybolda yerli və xarici ölkələrdəki məşqlərin fərqinə belə fikir bildirir:


"İlk olaraq, Azərbaycan Voleybol Federasiyasına dərin təşəkkürümü bildirirəm. Azərbaycan Voleybol Federasiyasından bizi 4 məşqçini Bolqarıstana göndərdilər və oradakı rəhbərimiz Nərgiz İsmayılova adlı xanım oldu. O, beynəlxalq dərəcəli supervayzer idi və onun başçılığı altında konvesiyada iştirak etdik. Mən və məşqçi yoldaşım Pərvin xanımla bərabər Avropa ölkələrindən gəlmiş məşqçilərə 3 gün ərzində xüsusi təlimlər keçirildi. Bolqarıstandan qazandığımız təcrübələri öz məşqlərimizdə tətbiq edərək komandayla birlikdə daha uğurlu nəticələr əldə etdik.

Hətta AV nümayəndələri seleksiya tədbirləri çərçivəsində Bakıda yerləşən "İstanbul-Bakı" idman klubunda olmuşdular. Voleybol mütəxəssisləri burada mənim və Pərvin Hüseynovanın rəhbərliyi ilə məşq eden 50-dən çox 15 yaşadək qızların məşqini izləyiblər və müəyyən edilmiş kriteriyalara uygun gələn idmançıların qeydiyyatını apariblar. Seçilmiş 8 voleybolçu yeniyetmə va gənc qızlardan ibarət komandaların rəhbəri Şahin Çatma tərəfindən keçiriləcək "Gənc İstedadların Müəyyənləşdirilməsi və İnkişafı" düşərgəsinə cəlb ediləcəklər".


Müsahibimiz Bəxtiyar bəy voleybolda vacib olan ləvazimatlardan söz açıb:


"Voleybolun ən vacib özəyi olan ləvazimatlar voleybol setkası və keyfiyyətli toplardır. Voleybol toplarının orjinal olması oyunçunların topa alışması üçün çox önəmli rol oynayır. Hər bir ləvazimatın daha keyfiyyətli olması onların inkişafı və sağlamlığı üçün əsas amillərdən biridir".


Voleybol məşqçisi idmançı üçün əhəmiyyət kəsb edən qida rasionundan bəhs edib:


"İstənilən idman sahəsində olan insanın qida rasionu adi insanın günlük qəbul etdiyi qidalardan çox fərqlənir.Bununlada hər hansı idmançı günlük qida planına xüsusi diqqət ayırmalıdır. Beləlikə idmançı qazlı, enerji içkilərindən və çipsi kimi zərərli məhsullardan uzaq qalmalıdır. Hər zaman voleybolçulara söylədiyim fikir budur ki, tutarlı yeməkyeyin və çörəkdən də qədərində istifadə etmək məqsədə uyğundur".


O, öz zamanında olan voleybolla indiki voleybol qaydalarının arasındakı fərqliliklərə toxunub:

"Düşünürəm ki, voleybolda qaydalar daha sürətli oyuna əsaslanaraq dəyişib. Bu dəyişikliliklər yalnız voleybolda deyil, digər idman növlərində də baş verib. İstər voleybol, istərsə də futbolda çevik oyunçulara önəm verilir. Hər bir məşqçi komandasında çevik və sürətli oyunçu istər. Voleybolda sıçramalar və hücumlar olduqca böyük əhəmiyyət kəsb edir. Ona görədə voleybol məşqlərində oyunçuların daha sürətli olması üçün texniki məşqlərə diqqət ayırılır. Voleybolda fiziki güclə yanaşı, məntiq və təfəkkürün olması əsas məsələdir".

 

Müsahibənin sonunda voleybol məşqçisi Bəxtiyar bəy idmançılara sağlam qalmağı tövsiyə edir:

"Məşqçi daima sağlam qidalardan istifadə etməyi və cangüvənliyini qorumağı bacarmalıdır".


Tərlanə Abdullayeva

 

Paylaş
Şərh əlavə et