Dünyanın ən güclü rentgen lazeri həyatın sirlərinə işıq sala bilər. Linac Coherent Light Source II (LCLS-II) adlı rentgen lazeri həyatı mümkün edən mexanizmlərin anlaşılmasında inqilab xüsusiyyəti daşıyır.
ABŞ-ın Kaliforniya ştatında bir bölgənin nəzdində SLAC Milli Sürətləndirici Laboratoriya adlı elmi tədqiqat mərkəzi var. Dərin kosmosdakı bəzi nöqtələrdən belə soyuq olan bu laboratoriya -271 °C-də saxlanılır. Bu temperatur dəyəri atom hərəkətinin dayandığı ehtimal edilən mütləq sıfırdan təxminən 2 °C yüksəkdir. Temperaturun bu qədər aşağı olmasının səbəbi dünyanın ən güclü rentgen lazeri olan Linac Coherent Light Source II (LCLS-II) adlı maşının işləməsi üçün lazımi mühiti yaratmaqdır. Əvvəlki versiyasından 10.000 dəfə daha parlaq rentgen şüaları istehsal edə bilən bu lazer indiyə qədər hazırlanmış ən güclü rentgen lazeridir.
LCLS-II lazeri 12 sentyabr 2023-cü ildə ilk yüksək enerjili radiasiya şüalarını istehsal edib. Bu yüksək enerjili şüalar qısa dalğa uzunluqları sayəsində istənilən sahəyə fokuslana bilir. Beləliklə, alimlər atom səviyyəsində baş verən kimyəvi reaksiyaların anlıq görüntülərini çəkə biləcəklər. Buradakı “ani” termini saniyənin milyonda birinin milyardda biri deməkdir.
Femtosaniyə (10-15 saniyə) və attosaniyə (10-18 saniyə) zaman miqyasında baş verən hadisələri çəkə bilən LCLS-II lazer çox qısa müddətdə baş verən kimyəvi reaksiyaları izləyərək “molekulyar filmlər” yarada biləcək. Bu "molekulyar filmlər" indiyə qədər çəkilmiş ən qısa və ən detallı filmlər olma xüsusiyyəti daşıyacaq.

Bu qısametrajlı filmlərin fotosintez və zülal davranışı kimi həyatın əsasını təşkil edən hadisələrin əvvəllər qeyri-mümkün olan sürət və ölçülərdə öyrənilməsini təmin edəcəyi gözlənilir. Həyatı mümkün edən mexanizmləri anlamaqda inqilabi olan bu inkişaf bioloji molekullar üzərində təfərrüatlı araşdırmaları asanlaşdıraraq yeni dərmanların hazırlanmasını da təmin edə bilər.
Müxtəlif maddələrin daxili quruluşunu atom miqyasında müşahidə etmək imkanı verən LCLS-II ultra sürətli kvant kompüterlərinin inkişafında və kvant rabitəsinin təmin edilməsində rol oynaya bilər. Bundan əlavə, güclü rentgen lazeri daha az zərərli gübrələrin istehsalında və günəş panellərindən əldə edilən enerjinin səmərəliliyinin artırılmasında mühüm yer tuta bilər.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
