Bu gün:

İstilik olmadan buxarlanma mümkündürmü?


Müəyyən şəraitdə su molekullarının öz mühitindən istilik almadan yalnız işığın təsiri altında buxarlana biləcəyi aşkar edilib. 

Buxarlanma, bildiyimiz kimi, istilik mübadiləsi yolu ilə baş verir: Maye maddənin tərkibindəki molekullar ətraf mühitlə əlaqə quraraq kifayət qədər enerji əldə etdikdə özlərini materialdan ayırmağı bacarırlar. Ancaq son elmi araşdırmalar göstərir ki, su molekulları müəyyən şərtlər altında ətraf mühitdən istilik almadan buxarlana bilir.



Son elmi araşdırmalarda hidrojellərdə saxlanılan suyun qəbul etdiyi istilik miqdarına görə gözləniləndən çox daha sürətli buxarlana bildiyi müşahidə edilib. Bu vəziyyətin necə baş verdiyini izah etməyə çalışan bir qrup tədqiqatçı buxarlanmanın işığın təsiri altında baş verdiyi qənaətinə gəlib.

Tədqiqatçılar müxtəlif şəraitdə hidrojellərdə suyun buxarlanmasını tədqiq ediblər. Əldə edilən ən mühüm nəticələrdən biri işığın düşdüyü hidrogellərdə suyun buxarlanma sürətinin işığın rəngindən asılı olaraq dəyişməsi idi. Bu nəticə istilik effekti ilə izah edilə bilməz. Bundan əlavə, təcrübələr işıqsız bir mühitdə bütün dəyişənləri eyni saxlamaqla aparıldıqda alınan nəticələr nəzəri proqnozlarla uyğunlaşmağa başlayır. Bu, işığın buxarlanma sürətini artıran amil olduğu fikrini təsdiqləyir.

Hidrojellərdəki suyun işığın təsiri altında buxarlanması təəccüblüdür. Çünki həm su, həm də hidrogellər aşağı işıq udma dərəcəsinə malikdirlər. Gölə yuxarıdan baxdığınız zaman suyun dərinliyini görə bilərsiniz, çünki su çox az işığı udur. Eynilə, hidrogellərdə yüksək işıq udma dərəcəsi yoxdur. Lakin əldə edilən nəticələr göstərir ki, bu iki material bir araya gəldikdə gözlənilənlərin əksinə olaraq hidrogelin səthindəki su molekulları işıqdan aldıqları enerji ilə buxarlana bilir.

Atomlardan fotonlar tərəfindən elektronların atılmasına fotoelektrik effekt deyilir. Fotonların mayelərdən molekulları qopardığı yeni kəşf edilən hadisə “fotomolekulyar hadisə” adlanır. 

Fotomolekulyar hadisənin bir çox sahədə istifadə oluna biləcəyi düşünülür. Məsələn, duzlu sudan içməli suyun alınması prosesi iki mərhələdən ibarətdir: Əvvəlcə, duzlu su qızdırılır və su buxarlanır, sonra su buxarı qatılaşdırılaraq şirin su alınır. Fotomolekulyar hadisədən istifadə etməklə duzlu sudan şirin suyun alınması prosesini daha səmərəli etmək olar. Fotomolekulyar fenomenin başqa bir tətbiq sahəsi ətraf mühitdən nəm çıxarmaq üçün quruducu materialların istifadə edildiyi proseslər ola bilər.

Massaçusets Texnologiya İnstitutundan Dr. Prof. Yaodong Tu və b. Dr. Qanq Çenin rəhbərliyi ilə aparılan tədqiqatın nəticələri Proceedings of The National Academy of Sciences (ABŞ) jurnalında dərc olunub.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et