Bu gün:

Qarabağ Universitetinin yaradılmasını necə qiymətləndirirsiniz?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuridir. O, yeni yaradılacaq Qarabağ Universiteti haqqda danışıb.

-Noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə Sərəncam imzalayıb. Qarabağ Universitetinin yaradılmasını necə qiymətləndirirsiniz?


-Bu Azərbaycan tarixi, Azərbaycan elm və təhsili, Azərbaycan ali təhsil seqmenti üçün çox unikal bir hadisədir. Bizim həm də zəfər tariximizin nümunələrindən, simvollarından biri olacaqdır. Təbii, hər hansı bir ölkədə universitet yaradıla bilər, bundan əvvəl də yaradılıb, bundan sonra da yaradılacaq. Amma bu məsələnin burada başqa bir müqəddəs, mənəvi, tarixi tərəfi də var. Qarabağ universiteti özü də Xankəndi şəhərində yerləşən bir universitet, dünyanın ali məktəblərinin reytinq cədvəllərində yer alacaq və dünyanın bir çox ölkələrindən buraya oxumağa gələcəklər. Bizim təhsildə də Qarabağ brendimizin olması çox vacib və sevindirici addımdır. Elm və Təhsil Nazirliyinin brifiqində Qarabağ Universiteti ilə bağlı ətraflı məlumat verilmişdir. Burada bildirildi ki, 2024-2025- ci tədris ilində artıq Qarabağ Universiteti özünün ilk tələbələrini qəbul edəcək. İlk tədris ili üçün 800-1000 arası tələbə təhsil alacaq. Daha sonra isə bu tələbələrin sayı getdikcə artırılacaq. Hətta 2025-2026-cı ildə bunun 4000-ə çatacağı bildirilir. İxtisasların siyahısı da nazir tərəfindən elan olundu. Burada pedaqoji əsaslı ixtisaslar, məktəbəqədər təhsil, ibtidai sinif müəllimliyi, riyaziyyat müəllimliyi, təhsildə sosial-psixoloji xidmət tədris olunacaq. Bunlardan əlavə, informasiya texnologiyaları əsaslı ixtisasların olması çox vacibdir. Kompüter elmləri, kompüter mühəndisliyi kimi ixtisasların da yer alması önəmli addımdır. Həmçinin qida mühəndisliyi kimi, hazırda ehtiyac olan ixtisas da burada vardır. Digər tədris olunacaq ixtisaslardan şəhərsalma, beynəlxalq münasibətlər, tarix, turizm işi, turizm işinin təşkili, regionşünaslıq kimi çox vacib ixtisaslar Qarabağ Universitetində olacaqdır. Biz inanırıq ki, bunlardan da əlavə Qarabağ Universiteti Azərbaycanda tədqiqat yönümlü ali təhsil müəssisə statusunda olacaq və ölkəmizi beynəlxalq reytinq cədvəlində məhz bu meyara görə təmsil edəcəkdir. Sadalanan ixtisaslar arasında, düzdür, hər biri tədqiqat yönümlü tələblərdə çıxış etmir, amma müxtəlif istiqamətlər var. Burada mütləq tədqiqat işinin aparılması və beynəlxalq reytinq cədvəllərində məhz tədqiqat meyarları üzrə irəli çəkilməsinə səbəb ola bilən ixtisaslar vardır. Buna görə də Qarabağ Universitetində çalışan professorlar, müəllim heyəti, bütünlüklə, kadr potensialı çox düzgün seçilməlidir, ən yaxşı kadrlar ora aparılmalıdır. Biz uşaqları topladıqları bala görə ayırmaq istəmirik, amma bu da bir bilik göstəricisidir ki, 200-250 nəticə göstərən uşaqlar orada oxumasınlar. Ən azı 500-550 bal aralığında nəticə göstərən uşaqlar olmalıdır ki, onların hazırkı bazaları yüksək səviyyədə olsun. Həmçinin ingilis dilində təhsilin Qarabağ Universitetində mövcud olmasını şəxsən mən çox istəyərdim. Tədqiqat yönümlü, yeni dövrün tələblərinə cavab verməli olan universitet həm də, ingilis dilli təhsil verməlidir. İnanırıq ki, Qarabağ Universitetində bunların hamısına riayət olunacaq. 

Sevil İsmayılova

Paylaş
Şərh əlavə et