Mingəçevir Dövlət Universiteti (MDU) “Sıfır tullantı” modelinin tətbiqi istiqamətində Türkiyənin Sıfır Atık Vakfı ilə əməkdaşlıq imkanlarını müzakirə edib.
24media.az xəbər verir ki, 17 iyul 2026-cı il tarixində MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər çərçivəsində Sıfır Atık Vakfında olub.
Universitet nümayəndə heyətini Fondun Mütevelli Heyəti və İdarə Heyətinin sədri Samed Ağırbaş qəbul edib. Görüşdə tullantıların yaranmasının qarşısının alınması və azaldılması, karbon emissiyasının minimuma endirilməsi, təbii resurslardan səmərəli istifadə, təkrar emal mədəniyyətinin inkişaf etdirilməsi və dairəvi iqtisadiyyat prinsiplərinin universitet mühitində tətbiqi ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər MDU-nun nəzdində fəaliyyət göstərən Davamlı Enerji və Mühəndislik Sistemləri Tədqiqatları İnstitutunun xətti ilə sıfır tullantı modelinin formalaşdırılması, kampus ərazisində tullantıların çeşidlənməsi və idarə olunması sisteminin təkmilləşdirilməsi, enerji və su resurslarından qənaətlə istifadə, karbon izinin ölçülməsi və azaldılması, ekoloji göstəricilərin monitorinqi, həmçinin tələbə və əməkdaşların ekoloji təşəbbüslərə cəlb olunması istiqamətində fikir mübadiləsi aparıblar.
Görüş zamanı universitet kampusunda sıfır tullantı yanaşmasının mərhələli şəkildə tətbiqi, birgə layihələrin həyata keçirilməsi, maarifləndirici proqramların, təlim və seminarların təşkili, ekoloji layihələrin hazırlanması, eləcə də təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi imkanları da nəzərdən keçirilib.
Rektor Anar Eminov bildirib ki, Mingəçevir Dövlət Universitetində həyata keçirilən institusional inkişaf prosesində ekoloji məsuliyyət və resursların səmərəli idarə olunması əsas prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, universitetdə tullantıların idarə olunması, enerji səmərəliliyinin artırılması, karbon izinin azaldılması və ekoloji davranış mədəniyyətinin formalaşdırılması vahid sistem əsasında həyata keçiriləcək.
Rektor qeyd edib ki, Sıfır Atık Vakfının bu sahədə qazandığı təcrübənin öyrənilməsi universitetdə ölçülə bilən ekoloji göstəricilərə əsaslanan idarəetmə mexanizmlərinin qurulmasına, kampus infrastrukturunun təkmilləşdirilməsinə və tələbələrin yaşıl bacarıqlarının inkişafına mühüm töhfə verəcək.
Sıfır Atık Vakfının sədri Samed Ağırbaş isə Mingəçevir Dövlət Universiteti ilə birgə layihələrin yaxın gələcəkdə həyata keçirilməsinin mümkünlüyünə əmin olduğunu bildirib. O vurğulayıb ki, gənclərin ekoloji məsuliyyət, şüurlu istehlak və resurslardan səmərəli istifadə prinsipləri əsasında yetişdirilməsi uzunmüddətli müsbət nəticələr verir və MDU-nun bu istiqamətdə atdığı addımlar yüksək qiymətləndirilir.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti Azərbaycan universitetləri arasında ilk dəfə olaraq sıfır tullantı modeli üzrə Sıfır Atık Vakfı ilə birbaşa institusional əməkdaşlıq imkanlarını müzakirə etməyə başlayıb. Bu təşəbbüs universitetdə ekoloji idarəetmənin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, kampusun resurs səmərəliliyinin artırılması və ətraf mühitə təsirin ölçülə bilən göstəricilər əsasında azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
Fidan Ağayeva
