Bu gün:

MDU ilə Milli Hidrometeorologiya Xidməti arasında Memorandum imzalandı


İyulun 13-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində olub. Xidmət rəisi Nazim Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə təhsil, iqlim dəyişmələri, erkən xəbərdarlıq sistemləri və yüksəkixtisaslı kadr hazırlığı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

24media.az xəbər verir ki, görüş zamanı Kür hövzəsində iqlim dəyişmələrinin təsirlərinin və regional iqlim risklərinin birgə tədqiqi məsələlərinə xüsusi toxunulub.

Rektor Anar Eminov bu tərəfdaşlığın universitetin tədqiqatçıları və tələbələri üçün yeni elmi-praktiki qapılar açacağını vurğulayıb:

"İqlim dəyişmələri, su və enerji təhlükəsizliyi müasir dövrün əsas çağırışları sırasındadır. Bu baxımdan Milli Hidrometeorologiya Xidməti ilə qurulan əməkdaşlıq ekologiya, energetika və İT ixtisaslarında təhsil alan tələbələrin praktiki biliklərinin inkişafına, onların istehsalat təcrübələrinin səmərəli təşkilinə böyük töhfə verəcək".

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov isə universitetlərlə əməkdaşlığın elmi biliklərin praktik fəaliyyətlə əlaqələndirilməsi və gənc mütəxəssislərin hazırlanması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Müzakirələr çərçivəsində MDU-nun nəzdində yeni yaradılan Davamlı Enerji və Mühəndislik Sistemləri Tədqiqatları İnstitutu (direktor Tünzalə Babayeva) ilə Xidmətin mütəxəssisləri tərəfindən birgə fəaliyyət planının hazırlanması qərara alınıb. Həmçinin iqlim sahəsində gənclərin innovativ layihələrini dəstəkləmək məqsədilə “Yaşıl İqlim Fondu”nun yaradılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda tərəflər arasında rəsmi əməkdaşlıq Memorandumu imzalanıb. Səfər çərçivəsində MDU nümayəndə heyəti Xidmətin Situasiya Mərkəzinin fəaliyyəti, hava proqnozlarının hazırlanması və müasir rəqəmsal erkən xəbərdarlıq sistemləri ilə yaxından tanış olub.

Həvva Cəbrayılova

Paylaş
Şərh əlavə et