İyulun 14-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində "Radio sənayesinin inkişafı üçün uğurlu həllər: Aİ və yeni formatlar” mövzusunda tədbir olub.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, “ASAN TV”nin direktoru Emin Musavinin moderatorluğu ilə keçirilən tədbirdə radio sənayesinin müasir vəziyyəti, rəqəmsal transformasiya, yeni yayım formatları, auditoriya ilə əlaqənin gücləndirilməsi və media bazarında baş verən dəyişikliklər müzakirə olunub.
Paneldə çıxış edən “Radyo Dinleme Hizmetleri Organizasyon Tanıtım ve Yayıncılık” (RİAK) şirkətinin baş direktoru Esat Çıplak, Gürcüstanın “Radio Fortuna FM 106,9” radio kanalının direktoru və təsisçisi Tamara Çiçoqidze, Özbəkistanın "Poytaxt 107.2 FM” radio kanalının direktoru Zəfər Tursunov, “Yurd FM” radiostansiyasının icraçı direktoru, “Media FM” radiostansiyasının təsisçisi və baş direktoru Rüstəm Əliyev radio sənayesinin qarşılaşdığı çağırışlar, rəqəmsal platformaların yaratdığı imkanlar, keyfiyyətli məzmun istehsalı və radio yayımının gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.
Çıxışlarda vurğulanıb ki, müasir dövrdə radio ənənəvi yayım formatlarını qorumaqla yanaşı, rəqəmsal texnologiyalardan, sosial media imkanlarından və yeni məzmun strategiyalarından daha geniş istifadə etməlidir. Həmçinin auditoriyanın ölçülməsi, reklam bazarında rəqabət, innovativ həllərin tətbiqi və media platformaları arasında əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirdə, həmçinin radio sənayesinin gələcək inkişaf perspektivləri, yeni texnologiyaların tətbiqi və dəyişən media mühitində uğurlu fəaliyyət üçün innovativ yanaşmaların əhəmiyyəti vurğulanıb.
Piranə Xasiyeva
