
İyulun 11-də keçirilən V “Cyber Summer School 2026” kiber yay düşərgəsinin bağlanış mərasimində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov universitet-sənaye əməkdaşlığının mövcud vəziyyəti, bu istiqamətdə görülən işlər və formalaşdırılan tərəfdaşlıq şəbəkəsinin yaratdığı imkanlar barədə çıxış edib.
24media.az xəbər verir ki, rektor MDU-nun əmək bazarının müasir tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanması, təhsil proqramlarının praktik məzmununun gücləndirilməsi və regionun sosial-iqtisadi inkişafında rolunun artırılması məqsədilə dövlət və özəl sektor nümayəndələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.
Hazırda universitetin 350-dən çox müəssisə və təşkilatla əməkdaşlıq etdiyini diqqətə çatdıran A.Eminov bu əlaqələrin əhəmiyyətini vurğulayıb:
"Qurulan əməkdaşlıqlar yalnız institusional əlaqələrin genişləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda universitet əməkdaşları, tələbələr və məzunlar üçün yeni inkişaf imkanları yaradır. Universitet-sənaye əməkdaşlığı tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etməsinə, əmək bazarının tələbləri ilə yaxından tanış olmasına və peşəkar bacarıqlarını inkişaf etdirməsinə şərait yaradır".
Rektor həmçinin qeyd edib ki, bu cür tərəfdaşlıqlar region gənclərinin müasir bilik və bacarıqlara çıxışını artırır, onların paytaxta və ya xarici ölkələrə getmədən keyfiyyətli təhsil, təcrübə və karyera imkanlarından faydalanmasına imkan verir.
Sonda Anar Eminov MDU-nun qarşıdakı dövrdə də dövlət və özəl sektorla əməkdaşlıq əlaqələrini genişləndirəcəyini və mövcud tərəfdaşlıqları daha konkret nəticələrə əsaslanan birgə layihələrlə zənginləşdirəcəyini diqqətə çatdırıb.
Həvva Cəbrayılova
