Türk mətbəxinin əsas elementləri olan meyvələr, tərəvəzlər, göyərti və ədviyyatlar bu yaxınlarda işıq üzü görən kitabda toplanıb. Ankara Universitetinin professorları Prof. Dr.Alp Can və Prof. Dr. Ruhsar Yanmazın 3,5 ildə hazırladığı kitab “Türkiyənin xəzinələri, meyvə-tərəvəzlərimiz” adlanır. Tədqiqata 180 növ və 530 sort daxil edilib. Prof. Dr. Can SABAH oxucularına bəzi qidalanma məsləhətləri verib:
70 kq-lıq bir insan balanslı və sağlam qidalanmaq üçün gündə ən az 400 qram, hər yeməkdə 80-100 qram meyvə və tərəvəz qəbul etməlidir. Məsələn, səhər alma, günortadan sonra salat, axşam isə tərəvəzə üstünlük vermək olar.
“Meyvə yemək ağlıma gəlmir” deyənlər çox ola bilər, lakin bu qidalar yeyilərsə, əlavə vitamin və minerallara ehtiyac olmaya bilər. Bəzi meyvə və tərəvəzlər çiy yeyilməlidir, çünki həzm sistemi onları lazımi şəkildə parçalaya və həzm edə bilməz. Tərəvəzləri qaynatmaq əvəzinə buxarda bişirmək onların tərkibini xeyli dərəcədə qoruyur. Meyvələr yaxşı yuyulmalı və qabığı ilə birlikdə istehlak edilməlidir. Qabıqlarda zəngin maddələr var. Qurudulmuş meyvələrə diqqət etmək lazımdır, 100 qram təzə üzümdə 12 qram şəkər, 100 qram kişmişdə isə 60 qram şəkər var.
Qarpız az kalorilidir: 100 qram qarpızda cəmi 32 kalori var. Başqa sözlə, böyük bir dilim qarpız yesəniz, simitdən aldığınızdan daha az kalori alacaqsınız.
Mənbə: Sabah.com.tr
Tərcümə etdi: Məryəm Məmmədova
