24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı jurnalist Xanlar Mehdiyevdir. O, qarşıdan gələn 22 iyulda jurnalistlərə veriləcək ən dəyərli şeyin nə olduğu və Azərbaycanda jurnalistlərin fəaliyyətini necə dəyərləndirdiyi barədə danışıb.

-Sizcə, 22 iyulda jurnalistlərə veriləcək ən dəyərli şey nədir və Azərbaycanda jurnalistlərin fəaliyyətini necə dəyərləndirirsiniz?
-Jurnalistə veriləcək ən böyük hədiyyə diqqətdir. Düşünürəm ki, jurnalistə nə evin, nə də heç bir hədiyyənin verilməsi düzgün deyil, çünki jurnalist bahalı hədiyyə qəbul edəndə, pul qəbul edəndə, ev qəbul edəndə artıq müstəqil olmur. Düşünürəm ki, jurnalistə veriləcək ən böyük hədiyyə dəyərdir. Azərbaycan jurnalistikası müstəqilllik dövrümüzdən götürsək, demək olar ki, son 30 ildə ən zirvə nöqtəsini yaşayır. 2019-cu ildə, yəni pandemiya dövründə Azərbaycan jurnalistləri artıq aktiv fəaliyyətə başladılar və ondan sonra da Azərbaycan jurnalistikasının ən zirvə nöqtəsi 44 günlük Vətən müharibəsi oldu. Bu müharibədə Azərbaycan jurnalistləri, həqiqətən də, Azərbaycan əsgərləri ilə çiyin-çiyinə mübarizə aparırdı, biz də öz mübarizəmizi və müharibəmizi mikrafon və kamerayla etdik. Çünki Azərbaycan əsgərləri torpaqlarımızı işğaldan azad edirdi və Azərbaycan mətbuatı da demək olar ki, bu informasiya savaşında iştirak edirdi, silahlar dayandı, amma jurnalist yazmaqda, danışmaqda dayanmadı. Ona görə də düşünürəm ki, silahlar qədər də Azərbaycan mətbuatı qarşı tərəfə kəskin zərbələr endirdi, onların dezinformasiyalarını ifşa etdik. Demək olar ki, xarici media ölkəmizdə olan media qurumlarına istinad etməyə başladı, artıq həqiqətlər dünyaya Azərbaycan mediası tərəfindən çatdırıldı və bu işlər Azərbaycan mediasını nəinki öz ölkəsində, hətta bütün dünyada tanıtdırdı. Təbii ki, Azərbaycan jurnalistləri dayanmırlar, özlərini inkişaf etdirirlər, qardaş Türkiyəylə, digər aparıcı ölkələrin böyük media orqanları ilə təlimlərdə iştirak edirlər. Təbii ki, yeni yaranan dövlətdə, 30 illik bir dövlətdə Azərbaycan mediasının bu dərəcədə aktiv olması, özəl kanalların bu qədər çox olması, dövlətin media subyektlərinə və təbii ki, jurnalistlərə diqqətinin, qayğısının çox olması Azərbaycan jurnalistlərinə bir stimul verir və düşünürəm ki, Azərbaycan jurnalistikası daha yaxşı formada özünü təqdim edə biləcək, özünü sübut edə biləcək. Bunun başlanğıcı da artıq qoyulub və həvəsdən də ən yaxşı formada davam edəcək.
24media.az xatırladır ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün- 22 İyul Milli Mətbuat və Jurnalistika günü kimi qeyd edilir.
Lumu Zülfüqarova
