Dubay 2026-cı ilin Ramazan ayı ilə bağlı 30 günlük geniş ictimai və mədəni proqramını açıqlayıb.
Proqrama əsasən müqəddəs ay ərzində hər gün iftardan sonra şəhərin müxtəlif məkanlarında atəşfəşanlıq və dron şouları təşkil olunacaq. Məqsəd həm yerli sakinlər, həm də turistlər üçün Ramazanı daha yaddaqalan və birləşdirici atmosferdə keçirməkdir.
Şəhərin əsas ictimai məkanları, o cümlədən ticarət və açıq hava kompleksləri xüsusi dekorasiyalarla bəzədiləcək, ailəvi istirahət zonaları və gecə proqramları yaradılacaq. Dron şoularında Ramazan motivləri və ənənəvi simvollar işıq effektləri ilə nümayiş etdiriləcək.
Bununla yanaşı, mədəni tədbirlər, sərgilər və icma görüşləri təşkil olunacaq, iftar süfrələri və sosial təşəbbüslər vasitəsilə birlik və paylaşma ruhu təşviq ediləcək. Şəhər rəhbərliyi bu proqramla Ramazan ayının dini mahiyyətini qorumaqla yanaşı, Dubayın beynəlxalq turizm və tədbir mərkəzi kimi mövqeyini daha da gücləndirməyi hədəfləyir.
Mənbə:Timesofindia.indiatimes.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
