Bu gün:

Fransanın Alp dağlarında qar uçqunu hadisəsi baş verib


Fransanın Val-d’İzer kurortunda pistdənkənar xizək sürən qrup qar uçqununa düşüb, nəticədə, iki britaniyalı və bir fransız xizəkçi həyatını itirib.

Beş nəfərlik qrup təlimatçı ilə birlikdə pistdənkənar xizək sürərkən qar kütləsinin altında qalıb. İki britaniyalı hadisə yerində həyatını itirib. Tək xizək sürən fransız vətəndaş da uçqun nəticəsində həlak olub. Qrupun digər britaniyalı üzvü yüngül xəsarət alıb.


Albertvil prokuroru Benua Başle bildirib ki, xizək təlimatçısı xəsarət almayıb. Ondan götürülən qan və narkotik testləri mənfi çıxıb. Hadisə ilə bağlı ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, araşdırmanı dağ-xilasetmə polisi aparır.


Fransanın milli meteorologiya xidməti həmin ərazi üzrə uçqun təhlükəsi ilə bağlı qırmızı səviyyəli xəbərdarlıq elan edib.


Bu arada, İtaliya Alp dağlarında da son günlər qeyri-sabit qar şəraiti səbəbindən yeddi gün ərzində 11 nəfər ölüb. Ölənlər arasında Veneto bölgəsində tapılan 70 yaşlı yürüşçü də olub. Həmin region 2026-cı il Milano–Kortina Qış Olimpiadasına ev sahibliyi edir.


İtaliya xilasediciləri bildiriblər ki, Alp silsiləsi boyunca risk yüksək olaraq qalır, yeni yağan qar köhnə və zəif qatların üzərinə yığılıb və hətta bir xizəkçinin hərəkəti belə uçqun yaranmasına səbəb ola bilib.


Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et