Bu gün:

Kraliça Kamilladan Jizel Pəlikota dəstək məktubu göndərilib


Cinsi istismar qurbanı Jizel Pəlikot ona göndərilən şəxsi dəstək məktubunun özünü “dərin şəkildə təsirləndirdiyini” bildirib. Məktubun Kraliça Kamilla tərəfindən göndərildiyi açıqlanıb.

Sənəddə Pəlikotun yaşadığı ağır cinayətlərə baxmayaraq göstərdiyi cəsarət və mətanət yüksək qiymətləndirilib. 


Təxminən on il ərzində sabiq həyat yoldaşı tərəfindən narkotik maddə verilərək istismara məruz qaldığı bildirilən Pəlikot kraliçanın ona müraciətini “böyük şərəf” kimi dəyərləndirib. Məktubda onun qadınlara ilham verdiyi və “utancın qurbana deyil, təcavüzkara aid olduğu” yanaşmasını gücləndirdiyi vurğulanıb. 


Pəlikot 2024-cü ildə Fransanın Avinyon şəhərində keçirilən məhkəmə prosesində anonimlikdən imtina edib. 15 həftə davam edən iclaslar zamanı o, qadın həmrəyliyi və dayanıqlığın simvolu kimi diqqət çəkib, məhkəmə binası qarşısında toplaşan insanlar ona dəstək göstərib.


73 yaşlı Pəlikot müsahibəsində belə bir məktub gözləmədiyini deyərək İngiltərə sarayının diqqətinə görə minnətdarlığını ifadə edib. O bildirib ki, kraliça məktubunda ona təşəkkür edib, sağalma və rahatlıq arzulayıb.

Mənbə: BBC 

Tərcümə etdi: Zəhra Əliyeva


Paylaş
Şərh əlavə et