Kiyev meri Vitali Kliçko son Rusiya hava hücumları nəticəsində paytaxtda 2600-dən çox çoxmərtəbəli binanın istiliksiz qaldığını açıqlayıb.

Kliçko sosial media hesabında Rusiyanın gecə və səhər tezdən Kiyevə həyata keçirdiyi hücumların nəticələri barədə məlumat verib.
Mer bildirib ki, hücumlarda şəhərin mühüm infrastrukturu hədəf alınıb və yaranan ziyana görə paytaxtda təxminən 2600 çoxmərtəbəli bina istilik təchizatından məhrum olub. Qeyd olunub ki, bu binalar şəhərin həm sol, həm də sağ sahilində yerləşir.
Kliçko istilik sisteminin bərpası üçün müvafiq qurumların işə başladığını bildirib.
O, əvvəlki hücumlar nəticəsində 1100-dən çox binanın istiliksiz qaldığını və bu ərazilərdə istiliyin hələ də tam bərpa olunmadığını xatırladıb.
Mer həmçinin hücumlar zamanı iki nəfərin yaralandığını açıqlayıb.
Zelenski: "Hücumlarda iki nəfər ölüb"
Ukrayna Prezidenti Volodimir Zelenski sosial media paylaşımında Rusiya ordusunun bu gün enerji infrastrukturunu hədəf aldığını bildirib.
Zelenski hücumlar nəticəsində iki nəfərin həlak olduğunu, 10-dan çox insanın yaralandığını qeyd edib.
Prezident paytaxtda vəziyyətin ağır olduğunu və çox sayda evin hələ də istiliksiz qaldığını vurğulayıb.
O, müttəfiq ölkələri Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükünü sürətləndirməyə çağırıb.
Rusiya 25 raket və 219 PUA ilə hücum edib
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının açıqlamasına görə, Rusiya ölkənin müxtəlif bölgələrinə 25 raket və 219 pilotsuz uçuş aparatı ilə hücum təşkil edib.
Bildirilib ki, hücumlarda “İskəndər-M”, “S-300” və “X-59/69” tipli ballistik və qanadlı raketlərdən istifadə olunub.
Hava hücumundan müdafiə qüvvələri tərəfindən 16 raket və 197 PUA zərərsizləşdirilib. Hücumların əsas hədəflərinin Kiyev, Xarkov, Odessa və Dnepropetrovsk vilayətləri olduğu qeyd edilib.
https://share.google/CiDw1CBx9KRIKEF9C
Mənbə: TRT Haber
Tərcümə etdi: Piranə Xasiyeva
