Bu gün:

Bolqarıstanda “Şuşa Parkı” layihəsinə start verilib


Bolqarıstanın Veliko Tırnovo şəhərində salınacaq “Şuşa Parkı” təxminən iki hektarlıq ərazini əhatə edəcək.

24media.az bildirir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.

Komitə sədri Anar Quliyev bu gün şəhərin meri Daniel Dimitrov Panovla görüşüb. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun da iştirak etdiyi görüşdə şəhərsalma sahəsində əməkdaşlıq, tarixi şəhər mühitinin qorunması, müasir ictimai məkanların yaradılması və təcrübə mübadiləsi müzakirə olunub. Tərəflər həmçinin Azərbaycan və Bolqarıstan şəhərləri arasında əlaqələrin genişləndirilməsi və birgə mədəni layihələrin əhəmiyyətini vurğulayıblar.

A.Quliyev mayda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu – WUF13-ü qlobal şəhər gündəliyinin müzakirəsi üçün vacib platforma kimi dəyərləndirərək Bolqarıstan tərəfini tədbirə dəvət edib.

Görüşdən sonra Komitə sədri “Şuşa Parkı”nın yerləşəcəyi ərazidə olub. Layihənin konsepsiyası “Azərmemarlayihə” tərəfindən hazırlanıb, detallı layihələndirməni isə Bolqarıstanın “DAD Studio” LTD şirkəti yerinə yetirir.

Veliko Tırnovonun mərkəzində yerləşəcək 1,8 hektarlıq parkda funksional zonalaşdırma, piyada yolları, istirahət və rekreasiya məkanları, süni göl və musiqili fəvvarə nəzərdə tutulur. Ərazidə Nizami Gəncəvi abidəsi, “Şuşa” instalyasiyası və xarıbülbül motivləri yer alacaq. Layihə çərçivəsində yaşıllaşdırma və abadlıq işləri də aparılacaq.

Parkın yaradılması Azərbaycan–Bolqarıstan dostluğunun möhkəmlənməsinə və milli-mədəni dəyərlərimizin beynəlxalq arenada tanıdılmasına töhfə verəcək.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et