Ərəb dünyası Azərbaycanla əlaqələrə ciddi önəm verir və xüsusilə ticarət, enerji və logistika sahələrində tərəfdaşlığın genişlənməsində maraqlıdır.
24media.az bildirir ki, bunu Azərbaycana rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahi Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib.
O, həmçinin ərəb ölkələrinin gündəmində duran məsələlərdə, xüsusilə Fələstin məsələsinə göstərdiyi prinsipial mövqeyə görə Azərbaycana təşəkkür edib.
Əl-Yammahi parlamentlərarası münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb və Ərəb Parlamentinin Milli Məclis və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə qurduğu əməkdaşlığın əlaqələrin genişlənməsi üçün möhkəm əsas yaratdığını deyib.
O, Sahibə Qafarovanın Parlament Şəbəkəsinin fəaliyyətindəki rolunu yüksək qiymətləndirərək, bu platformanın qlobal məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.
Sonda Əl-Yammahi Milli Məclisin sədrini Ərəb Parlamentinin plenar sessiyasında iştirak etməyə dəvət edib.
Aytac Musayeva
