Fransanın Meurthe-et-Moselle departamentinə bağlı Rehon bələdiyyəsinin məclis üzvü və mart ayında keçiriləcək yerli seçkilərdə yenidən namizəd olan Aurore Katramiz başörtüsü səbəbilə sosial mediada ona qarşı yönələn nifrət nitqləri ilə bağlı hüquqi şikayət təqdim edib.
Milli mətbuatda yer alan məlumatlara görə, 2020-ci ildən Rehon Bələdiyyə Şurasının üzvü olan Katramiz sosial mediada ünvanına səsləndirilən təhqir və nifrət dolu paylaşımlarla bağlı prokurorluğa müraciət edib.
Təxminən 6 ildir bələdiyyə məclisində fəaliyyət göstərən 39 yaşlı siyasətçi Fransa mətbuatına verdiyi müsahibədə bildirib:
“2020-ci ildə vəzifəyə başladığım zaman da tənqid olunurdum, lakin bu qədər sərt və genişmiqyaslı deyildi”.
Başörtüsü taxdığı üçün uzun müddətdir hədəf alındığını deyən Katramiz sosial şəbəkələrdəki paylaşımlar barədə belə deyib:
“İnsanlar məni tanımadan açıq şəkildə nifrət yayırlar”.
Katramiz müsəlman olduğu üçün başörtüsü taxdığını və bunun siyasi fəaliyyətinə maneə olmamalı olduğunu vurğulayıb.
Fransada böyük şəhərlərdə iki turda keçiriləcək yerli seçkilər 15 və 22 mart tarixlərində baş tutacaq. Katramiz də bu seçkilərdə Rehon Bələdiyyə Başçısı Jan-Pyer Veberin müstəqil siyahısında namizəd kimi iştirak edir.
https://share.google/pyIriRXmc5I2s05l6
Mənbə: TRT Haber
Tərcümə etdi: Piranə Xasiyeva
