Bu gün:

ABŞ-də Epstein işi ilə bağlı hesablaşma yeni maneələrlə üzləşib


ABŞ-də Jeffrey Epstein qalmaqalı ilə bağlı həqiqətlərin üzə çıxarılması prosesi yeni maneələrlə qarşılaşıb. Avropada isə məsul şəxslərin ifşası və siyasi nəticələr daha sürətlə irəliləyir.

ABŞ-nin Baş prokurorunun müavini Todd Blanş ötən ay Ədliyyə Nazirliyinin (DOJ) heç kəsi - o cümlədən Donald Trampı - qorumaq niyyətində olmadığını bildirib. Lakin Trampın keçmiş şəxsi vəkili olan Blanşın bu açıqlamaları Epstein işi ilə bağlı son inkişaflardan sonra ciddi sual altına düşüb.

Qalmaqal Konqresin tələbi ilə ictimaiyyətə təqdim edilən, lakin böyük hissəsi qaraldılmış (redaktə olunmuş) istintaq sənədlərinin redaktə olunmamış versiyalarının bəzi qanunvericilərə təqdim edilməsi ilə daha da dərinləşib. Sənədlərlə tanış olan deputatlar DOJ-da gördükləri mənzərədən çaşqın olduqlarını bildiriblər.

Merilend ştatından demokrat konqresmen Ceymi Raskin bildirib ki, sənədlərdə qurban olmayan şəxslərin adlarının belə gizlədildiyi hallara rast gəlinib:

“Biz ört-basdır olmasını istəmirdik. Amma bu gün gördüklərim arasında qurban olmayan insanların adlarının belə gizlədildiyi çox sayda nümunə var”.

Qanunvericilər sənədləri araşdırmağa başladığı gün Epstein qalmaqalının təsiri daha da genişlənib. Ölümündən sonra belə məhkum olunmuş cinsi cinayətkarın milyarderlər və nüfuzlu siyasi fiqurlardan ibarət qlobal əlaqə şəbəkəsi bir daha gündəmə gəlib.

ABŞ-də Ədliyyə Nazirliyinin sənədlərlə və ümumilikdə işin gedişi ilə bağlı suallar artdığı halda, Avropada proses daha qətiyyətli şəkildə irəliləyir. Bir sıra ölkələrdə Epstein ilə əlaqəli olduğu iddia edilən nüfuzlu şəxslərin siyasi karyeraları və reputasiyaları ciddi zərbə alıb.

Mənbə: CNN news

Tərcümə etdi: Nuray Ədilzadə

Paylaş
Şərh əlavə et