Bu gün:

Maksvell Konqresdə Epşteynlə bağlı ifadə verməkdən imtina edib


ABŞ-da Cefferi Epşteyn işi ilə bağlı məhkum edilmiş Gisleyn Maksvell Konqresdə keçirilən dinləmədə suallara cavab verməkdən imtina edib. O, Texas ştatındakı həbsxanadan qapalı iclas üçün onlayn qoşulub və ifadə zamanı ABŞ Konstitusiyasının Beşinci düzəlişinə əsaslanaraq susmaq hüququndan istifadə edib.

Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri, respublikaçı Ceyms Komer Maksvellin bu addımını “gözlənilən” adlandırıb və bunu məyusedici kimi qiymətləndirib. Onun sözlərinə görə, komitə Epşteyn və Maksvell tərəfindən törədilmiş cinayətlər, eləcə də mümkün əlbir olan şəxslərlə bağlı suallara cavab almağı hədəfləyirdi.

Demokrat konqresmen Melani Stansberi isə Maksvellin dinləməni özünə əfv istəmək üçün istifadə etdiyini bildirib. Eyni zamanda Epşteyn qurbanları Konqresə müraciət edərək, Maksvell tərəfindən verilən hər hansı məlumata ehtiyatla yanaşılmasını və ona xüsusi güzəşt edilməməsini istəyiblər.

Maksvellin vəkili Devid Oskar Markus sosial şəbəkədə bildirib ki, müvəkkili Prezident Donald Tramp tərəfindən əfv olunacağı təqdirdə “tam və dürüst danışmağa hazırdır”. Ağ Ev isə indiyədək Maksvell ilə bağlı heç bir güzəştin müzakirə olunmadığını açıqlayıb.

Qeyd edək ki, Gisleyn Maksvell 2021-ci ildə Epşteyn üçün azyaşlı qızların cəlb edilməsində roluna görə 20 il azadlıqdan məhrum edilib. Cefferi Epşteyn isə 2019-cu ildə həbsdə olarkən ölüb. ABŞ Ədliyyə Departamenti bu arada Epşteyn işi ilə bağlı milyonlarla səhifə sənədi Konqres üzvlərinin baxışı üçün açıb.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et