Yeni açıqlanan elektron məktublara görə, məhkum olunmuş maliyyəçi Ceffri Epşteyn ömrünü uzatmaq və bədəni yeniləmək məqsədilə genetik testlər və kök hüceyrə üzərində araşdırmalar üçün pul ödəyib.

Sənədlərdə qeyd olunur ki, Epşteyn 2014-cü ildə ABŞ-nin nüfuzlu xəstəxanalarından biri olan Massachusetts General Hospital-la əlaqəli həkim Cozef Thakuriyaya 2 min dollar ödəyərək öz DNT-sinin bir hissəsinin analizini etdirib. Araşdırmalar gen redaktəsi və CRISPR texnologiyası ilə uzunömürlülüyün artırılmasını nəzərdə tutub.
Epşteyn eyni zamanda Harvardın Personal Genome Project adlı genetik məlumat bazasında da iştirak edib. Thakuria CNN-ə bildirib ki, Epşteyn yalnız tədqiqat subyekti olub və daha geniş layihələr həyata keçirilməyib.
Sənədlərdə “Venus Project” adlı, lakin detalları qeyri-müəyyən olan bahalı bir genetik layihə də yer alır. Həkimin sözlərinə görə, bu ideya Epşteyn özü tərəfindən irəli sürülüb, lakin reallaşmayıb.
Ceffri Epşteyn 2019-cu ildə həbsdə olarkən intihar edib. Yeni sənədlər onun genomika sahəsində tanınmış alimlərlə əlaqələrini və bu sahəyə olan marağını bir daha gündəmə gətirib.
Mənbə: CNN news
Tərcümə etdi: Nuray Ədilzadə
