ABŞ-nin polisi tanınmış teleaparıcı Savannah Qasrinin anası, 84 yaşlı Nensi Qasrinin itkin düşməsi ilə bağlı onun hələ də sağ ola biləcəyini ehtimal edib. Arizona ştatının Pima dairəsinin şerifi Kris Nanos istintaqın bu ehtimal üzərində davam etdirildiyini bildirib və qadın tapılana qədər bu düşüncə üzərində qalacaqlarını vurğulayıb.

Federal Təhqiqat Bürosu (FBI) işlə bağlı göndərilən iki fidyə məktubunu araşdırır. Eyni zamanda, saxta fidyə tələbi göndərən bir nəfər saxlanılıb. Qadının ailəsi isə girov götürənlərə müraciət edərək onun sağ olduğuna dair sübut tələb edib və əlaqə qurmağa hazır olduqlarını bildirib.
İstintaq zamanı Nenci Qasrinin şənbə axşamı ailə üzvlərinin evində olduğu, daha sonra isə yaşadığı evə aparıldığı müəyyən edilib. Gecə saatlarında evin qapı zəngi kamerasının çıxarıldığı, bir qədər sonra isə onun ürək stimulyatoru tətbiqinin telefondan ayrıldığı açıqlanıb. Evin eyvanında tapılan qanın ona məxsus olduğu təsdiqlənib.
Nenci Qasrinin bazar günü kilsəyə getməməsi ailə üzvlərini narahat edib və bundan sonra polisə məlumat verilib. Hüquq-mühafizə orqanları hadisənin fidyə məqsədli olmaya biləcəyini də istisna etmir, lakin bütün ehtimallar araşdırılır.
FBI onun tapılmasına kömək edəcək məlumat üçün 50 min dollar mükafat elan edib. Axtarışlar it axtarış dəstələri, dronlar və helikopterlərin iştirakı ilə davam edir. Savannah Qasri anasının itkin düşməsi səbəbilə NBC kanalında planlaşdırılan Olimpiya yayımından geri çəkilib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
