Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada keçirilən qeyri-ənənəvi moda nümayişi bunun bariz nümunəsinə çevrilib. Tədbir çərçivəsində gənc dizaynerlərin yaratdığı kolleksiyalar klassik podiumlarda deyil, şəhərin kənarında yerləşən tərk edilmiş sənaye mərkəzində təqdim olunub.
Nümayişdə əsasən moda məktəblərinin tələbələri – həm dizaynerlər, həm də modellər iştirak ediblər. Onların təqdim etdiyi görünüşlər Afrika mədəni irsinin elementlərini müasir moda baxışı ilə birləşdirib. Parlaq rənglər, əl işi detalları, yerli toxuculuq texnikaları və simvolik naxışlar kolleksiyaların əsas xüsusiyyətləri olub.
Təşkilatçıların sözlərinə görə, məkanın xüsusi olaraq seçilməsi təsadüfi deyil. Tərk edilmiş mərkəz Afrikada modanın yalnız estetik deyil, həm də sosial və mədəni mesaj daşıyan bir sənət növü olduğunu vurğulamaq məqsədi daşıyıb. Bu addım gənc yaradıcıların məhdud imkanlara baxmayaraq, güclü ideyalar və orijinal yanaşmalarla dünya səhnəsinə çıxa biləcəyini göstərib.
Moda tənqidçiləri və sənaye nümayəndələri Kinşasada baş tutan bu nümayişi Afrikada yeni moda dalğasının başlanğıcı kimi qiymətləndirirlər. Onların fikrincə, gənc istedadların bu cür cəsarətli layihələri qlobal fashion dünyasında mərkəzdən kənar regionların rolunu getdikcə daha da gücləndirir.
Kinşasadakı bu nümayiş bir daha sübut edib ki, moda təkcə dəb deyil, həm də mədəni kimliyin, sosial reallıqların və yaradıcılıq azadlığının ifadə formasıdır. Gənc afrikalı istedadlar isə artıq bu dili dünyaya öz sözləri ilə danışmağa hazırdırlar.
Mənbə: ru.fashionnetwork.com
Tərcümə etdi: Şehrin Musayeva
