ABŞ Ədliyyə Nazirliyinin cinsi cinayətlərə görə məhkum edilmiş amerikalı maliyyəçi Cefri Epşteynlə bağlı 30 yanvarda yayımladığı son sənədlər Böyük Britaniyada geniş rezonans doğurub və siyasi mübahisələrə səbəb olub.

2025-ci ilin sentyabrında Böyük Britaniyanın ABŞ-dəki səfiri vəzifəsindən uzaqlaşdırılan Piter Mandelson Epşteynlə yaxın əlaqələrinə dair yeni ifşalardan sonra dünən axşam Lordlar Palatasından istefa verib.
London Metropoliten Polisi Mandelson barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə istintaq başladıb.
72 yaşlı Mandelson mühakimə olunaraq təqsirli bilinərsə, həbs cəzası ilə üzləşə bilər.
Sənədlərdə Epşteyn və Mandelson arasında olan elektron yazışmalar, bəzi şəxsi fotolarla birlikdə, onların yaxın münasibətlərini və maliyyə əlaqələrini üzə çıxarır.
Mandelson Epşteynin tələbi ilə ABŞ hökuməti qarşısında bankçılıq qaydaları ilə bağlı lobbiçilik aparmaqda və Amerika rəhbərliyinə məxfi sənədlər sızdırmaqda ittiham olunur.
Sənədlər göstərir ki, Mandelson 2009-cu ildə Böyük Britaniyanın o vaxtkı Baş naziri Qordon Brauna təqdim edilmiş iqtisadi brifinqin detalları barədə Epşteyni məlumatlandırıb.
2010-cu ilə aid başqa bir elektron məktubda isə Epşteyn Mandelsondan Avropa İttifaqının (Aİ) Yunanıstana yönəlik maliyyə xilasetmə paketinin təfərrüatlarını soruşur.
Məlumata görə, Mandelson Epşteynin xahişi ilə 2010-cu ildə ABŞ-nin o zamankı prezidenti Barak Obamanın baş iqtisadi müşaviri Larri Summers ilə görüş keçirib.
ABŞ Ədliyyə Nazirliyinin açıqladığı son sənədlərdə Epşteyn və Mandelson arasında başqa yazışmaların da olduğu üzə çıxıb.
Elektron məktublarda Mandelsonun Epşteynə şəxsi həyatla bağlı zarafatlar etdiyi, həmçinin Mandelsonun kitabı üzərində yazışdıqları, 2012-ci ildən etibarən isə münasibətlərinin pozulduğu görünür.
Qeyd edək ki, Mandelson BBC-nin şərh tələblərinə cavab verməyib.
Mənbə: BBC News
Tərcümə etdi: Emiliya Vəlicanova
