Bu gün:

Epşteyn sənədlərində açıq görüntülər sızdırılıb


Cefri Epşteyn işi ilə bağlı açıqlanan sənədlərdə bəzi çılpaq və redaktə olunmamış görüntülərin internetdə qalması ABŞ rəsmilərinə qarşı ciddi narazılıq yaradıb.

BBC Verify-in araşdırmasına görə, silinməli və ya gizlədilməli olan bir sıra foto və videolar günlərdir onlayn olaraq əlçatan vəziyyətdədir və bu, qurbanlara “geri dönməz zərər” vurub. 


Hüquqşünaslar bildirir ki, minlərlə sənəd arasında onlarla qurbanın şəxsiyyətini açıq şəkildə göstərən materiallar aşkarlanıb. New York Times yazır ki, təkcə keçən cümə günü Epşteyn sənədləri çərçivəsində təxminən 40 belə görüntü səhvən dərc olunub. Qurbanları müdafiə edən təşkilatlar problemi ilk dəfə həftəsonu müəyyən ediblər. 


Nyu-York məhkəməsi çərşənbə axşamı ABŞ Ədliyyə Nazirliyinin (DoJ) məsələni təcili həll etməyə hazır olduğunu açıqlayıb. Nazirlik bunun “texniki və ya insan səhvi” nəticəsində baş verdiyini və minlərlə sənədin saytdan çıxarıldığını bildirib. Lakin BBC Verify-ın yoxlaması göstərib ki, bəzi açıq görüntülər hələ də onlayndır. 


Araşdırma zamanı üzləri və bədənləri gizlədilməmiş, qismən geyimli gənc qızlara aid görüntülər aşkar edilib. Bəzi sənədlərdə eyni şəkilin həm redaktə olunmuş, həm də redaktə olunmamış versiyasına rast gəlinib. 


Qurbanların vəkilləri Ədliyyə Nazirliyini yüzlərlə qadının kimliyini lazımi şəkildə qorumaqda uğursuz olmaqda ittiham edib. Vəkil Bred Edvards bildirib ki, indiyə qədər adı ictimaiyyətə açıqlanmayan şəxslərin kimlikləri artıq açıq şəkildə yayılıb və bu, “minlərlə ciddi səhvin nəticəsi”dir.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva


Paylaş
Şərh əlavə et