Bu gün:

İranda etirazlarda ölənlərin sayı 6872-yə çatıb


ABŞ-də yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər səbəbilə başlayan etirazlarda ölənlərin sayının 6872-yə çatdığını açıqlayıb.

HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr zamanı 50553 nəfər saxlanılıb. Qarşıdurmalar nəticəsində, 214 təhlükəsizlik əməkdaşı da daxil olmaqla, minlərlə insan həyatını itirib.

Təşkilat bildirib ki, hazırda 11280 hadisə ilə bağlı araşdırmalar davam edir. Dünən açıqlanan məlumata görə, ölənlərin sayı 6854 nəfər idi.

Etirazların başlanması

Etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında dükan sahiblərinin təşəbbüsü ilə başlayıb. Yerli valyutanın sürətlə dəyərdən düşməsi və iqtisadi vəziyyətin pisləşməsi aksiyaların ölkə üzrə yayılmasına səbəb olub.

8 yanvarda Tehranda keçirilən etirazlardan sonra hökumət internetə çıxışı məhdudlaşdırıb.

Rəsmi rəqəmlər

İran Şəhidləri və Veteranları Fondu Məhkəmə Tibbi İnstitutuna istinadən 21 yanvarda nümayişlər zamanı 3117 nəfərin öldüyünü açıqlayıb. Onlardan 2427 nəfərin “silahlı terror qrupları” tərəfindən öldürüldüyü bildirilib.

Buna baxmayaraq, HRANA ölənlər və saxlanılanlarla bağlı məlumatları yeniləməyə davam etdiyini qeyd edir.

 https://share.google/URUQB2cTbqiNOHMBD

Mənbə: TRT Haber 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et