Milyarder xeyriyyəçi Melinda Frenç Qeyts keçmiş həyat yoldaşı Bil Qeytsin mərhum cinsi cinayətkar Cefri Epşteynlə bağlı açıqlanan sənədlərdə adının hallanmasının onun evliliyində “çox ağrılı dövrləri” yenidən gündəmə gətirdiyini deyib. O, NPR radiosunun “Wild Card” podkastına müsahibəsində baş verənlərlə bağlı dərin kədər hiss etdiyini bildirib.

Melinda Frenç Qeyts qeyd edib ki, sənədlərdə adı çəkilən şəxslər, o cümlədən keçmiş həyat yoldaşı bu suallara özləri cavab verməlidir. "Mən artıq bu qaranlıq işlərdən uzaq olduğum üçün xoşbəxtəm", – deyə o əlavə edib. Cütlük 27 illik evlilikdən sonra 2021-ci ildə boşanıb.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan milyonlarla sənəddə Epşteynin Bill Qeyts haqqında irəli sürdüyü bəzi iddialar yer alıb. Həmin iddialardan birində Epşteyn Bill Qeytsin cinsi yolla keçən xəstəliyə yoluxduğunu iddia edir. Bill Qeyts isə bu məlumatları “tamamilə absurd və yalan” adlandırıb.
Qeyd olunub ki, Bill Qeyts Epşteynin qurbanları tərəfindən heç bir cinayətdə ittiham olunmayıb və sənədlərdə adının keçməsi kriminal fəaliyyət anlamına gəlmir. Sənədlərdə yer alan bəzi elektron məktubların Epşteyn tərəfindən yazıldığı ehtimal olunur, lakin onların Bill Qeytsə göndərilib-göndərilmədiyi məlum deyil.
Xatırladaq ki, sənədlər Epşteynin 2008-ci ildə azyaşlıya qarşı cinsi istismar cinayətinə görə məhkum olunmasından sonra belə nüfuzlu şəxslərlə əlaqələrini davam etdirdiyini ortaya qoyub. Epşteyn 2019-cu ildə Nyu-Yorkda həbsxanada istintaq dövründə vəfat edib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
