Prezident Ərdoğan rəsmi səfərdə olduğu Ər-Riyadda Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman ilə görüşüb. Yamama Sarayında keçirilən görüş qapalı qapılar arxasında baş tutub.

Prezident Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Ər-Riyadda Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) və Səudiyyə Ərəbistanında investisiya proseslərini təşviq edən, istiqamətləndirən və asanlaşdıran dövlət agentliyi olan "Invest Saudi" ilə əməkdaşlıq çərçivəsində Səudiyyə Ərəbistanı-Türkiyə İnvestisiya Forumu təşkil edilib.
Səudiyyə Ərəbistanının İnvestisiya naziri Xalid bin Əbdüləziz əl-Falih Türkiyə özəl sektorunu ölkələrində görməkdən məmnun olduqlarını bildirib və əlavə edib: "Növbəti 3 ildə tərəfdaşlığımızı daha da genişləndirmək istəyirik. Türkiyə və Səudiyyə Ərəbistanı özəl sektorlarının edəcəyi işlər, şübhəsiz ki, təsəvvür etdiyimizdən daha artıqdır".
Ticarət naziri Ömər Bolat və hər iki ölkədən 230-u türk olmaqla 700-dən çox iş adamı və ictimaiyyət nümayəndəsinin iştirak etdiyi forumun açılışında çıxış edən nazir Falih bildirib ki, bugünkü tədbir inkişaf edən bir dövrün toxumlarını səpəcək.
Ərdoğanın səfərindən və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla görüşündən məmnunluğunu ifadə edən Falih sözünə davam edib: "Bu səfərin Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında əməkdaşlığı gücləndirəcəyini və bu yeni dövrün çox vacib strateji münasibətlərimizə əsaslanaraq münasibətləri daha yüksək səviyyələrə qaldıracağını gözləyirik. Bu yüksək səviyyəli təmasın iki ölkə arasındakı siyasi uyğunlaşmanın dərinliyini əks etdirdiyi və liderlərimizin münasibətləri yeni strateji səviyyəyə qaldırmaq üçün ortaq qətiyyətini nümayiş etdirdiyi şübhəsizdir. Bu səfərlə eyni vaxtda burada 200-dən çox şirkətdən ibarət biznes nümayəndə heyətinin iştirakı iqtisadi əməkdaşlığın və özəl sektorun bu tərəfdaşlığın mərkəzində olduğunu göstərir. Türk şirkətlərini aramızda görməkdən çox məmnunuq."
Mənbə: Habertürk
Tərcümə etdi: Aygül Alıyeva
