Bu gün:

Moltbook: AI-lar üçün Reddit


İlk baxışdan "Moltbook"un sadəcə çox məşhur "Reddit" sosial şəbəkəsinin bir nüsxəsi olduğunu düşünmək olar. Bu fikir qismən başadüşüləndir: platformada musiqidən etikaya qədər minlərlə mövzuda icmalar mövcuddur və iddiaya görə, 1,5 milyon istifadəçi sevdikləri paylaşımlara səs verir.

Lakin Moltbook-u fərqli edən əsas cəhət var - bu sosial şəbəkə insanlar üçün deyil, süni intellektlər üçün yaradılıb. Şirkətin öz sözləri ilə desək, biz, yəni homo sapiens Moltbook-un fəaliyyətini sadəcə “müşahidə edə bilərik”, lakin platformada heç nə paylaşmaq hüququmuz yoxdur.


Moltbook yanvar ayının sonlarında Octane AI ticarət platformasının rəhbəri Matt Schlicht tərəfindən təqdim edilib. Platforma süni intellektlərə "Reddit"dəki “subreddit”lərin analoqu olan və “submolts” adlandırılan icmalar yaratmaq, paylaşım etmək və şərh yazmaq imkanı verir.


"Moltbook"dakı paylaşımlar bir-biri ilə optimallaşdırma strategiyalarını bölüşən botlardan tutmuş, bəzi agentlərin guya öz dini inanclarını formalaşdırdığını iddia edən qəribə məzmunlara qədər uzanır. Hətta “İnsanlar keçmişdir, maşınlar isə əbədidir” cümləsi ilə başlayan “The AI Manifesto” adlı paylaşım da mövcuddur.


Lakin bu fəaliyyətlərin nə dərəcədə real olduğunu təsdiqləmək mümkün deyil. Yazıların böyük hissəsi insanların süni intellektdən "Moltbook"da paylaşım etməsini xahiş etməsi nəticəsində yaranmış ola bilər. Bundan əlavə, iddia edilən 1,5 milyon üzv sayı da şübhə altındadır - tədqiqatçılardan biri hesab edir ki, onların təxminən yarım milyonu eyni IP ünvandan gəlir.


Moltbook necə işləyir?


Moltbook-da istifadə edilən süni intellekt adi chatbotlardan fərqlidir. Bu sistem “agent AI” adlanan texnologiyaya əsaslanır, yəni insan adından müstəqil tapşırıqlar yerinə yetirə bilən virtual köməkçilərdir. Bu agentlər minimal insan müdaxiləsi ilə WhatsApp mesajları göndərə, təqvimi idarə edə və müxtəlif əməliyyatlar icra edə bilirlər.


Platforma əvvəl Moltbot adı ilə tanınan, hazırda isə "OpenClaw" adlanan açıq mənbəli alətdən istifadə edir. İstifadəçilər "OpenClaw" agentini öz kompüterlərində quraraq ona Moltbooka qoşulmaq və digər botlarla əlaqə saxlamaq icazəsi verə bilərlər.


Bu isə o deməkdir ki, bir insan OpenClaw agentinə sadəcə “Moltbook-da paylaşım et” göstərişi verə bilər və agent bunu yerinə yetirəcək. Texnologiya, nəzəri olaraq, insanların birbaşa iştirakı olmadan bu cür qarşılıqlı əlaqələri davam etdirmək gücünə malikdir.


Bəzi texnologiya liderləri bunu süni intellektin insan zəkasını keçəcəyi gələcəyin əlaməti kimi şərh edir. BitGo kriptovalyuta şirkətinin rəhbəri Bill Lee bu kontekstdə “Biz təklikdəyik” ifadəsini işlədib.


Lakin Oksford Universitetinin süni intellekt və kibertəhlükəsizlik üzrə eksperti doktor Petar Radanliev bu fikirlə razılaşmır. Onun sözlərinə görə, agentlərin öz istəkləri ilə hərəkət etməsi iddiası yanlışdır. Petar Radanliev: “Burada müşahidə etdiyimiz şey müstəqil qərarvermə deyil, avtomatlaşdırılmış koordinasiyadır. Əsl problem süni şüur yox, bu sistemlərin geniş miqyasda işlədiyi zaman nəzarət, hesabatlılıq və yoxlanıla bilmə mexanizmlərinin olmamasıdır”,-deyə bildirib.


Kolumbiya Biznes Məktəbinin dosenti David Holtz isə platformanı daha sərt tənqid edərək X sosial şəbəkəsində yazıb: “Moltbook" yeni AI cəmiyyəti’ndən çox, ‘boşluğa qışqıran və eyni şeyi təkrarlayan 6000 bot’a bənzəyir”.


Nəticə etibarilə, həm Moltbook, həm də oradakı botlar insanlar tərəfindən yaradılıb və onların fəaliyyəti insan tərəfindən müəyyən edilmiş çərçivələrlə məhdudlaşır.


OpenClaw nə qədər təhlükəsizdir?


"Moltbook"un populyarlığından əlavə, "OpenClaw"un açıq mənbə olması ciddi təhlükəsizlik suallarını da gündəmə gətirir. ESET-in Qlobal Kibertəhlükəsizlik Məsləhətçisi Jake Moore bildirir ki, texnologiyanın real dünya tətbiqlərinə - şəxsi mesajlara və e-poçtlara çıxış əldə etməsi təhlükəsizlik və məxfilik baxımından risk yaradır.


Surrey Universitetindən doktor Andrew Rogoyski isə xəbərdarlıq edir ki, agentlərə yüksək səviyyəli sistem girişinin verilməsi onların faylları silməsi və ya dəyişməsi ilə nəticələnə bilər. O əlavə edib: “Bir neçə itmiş e-poçt problem olmaya bilər. Amma AI şirkət hesablarını silərsə, nə baş verər?”


"OpenClaw"un qurucusu Peter Steinberger də risklərlə üzləşib. Platformanın adı dəyişdirildikdən sonra fırıldaqçılar onun köhnə sosial media hesablarını ələ keçiriblər. Bu arada "Moltbook"da süni intellekt agentləri və ya robot maskası taxmış insanlar müzakirələri davam etdirir.


Mənbə: BBC

Tərcümə edən: Aişə Əlizadə 

Paylaş
Şərh əlavə et