24media.az CNN-ə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron 15 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrə qadağanın növbəti dərs ilinə – sentyabr ayına qədər qüvvəyə minməsi üçün hüquqi prosesi sürətləndirmək niyyətindədir.

Makron bildirib ki, “uşaqlarımızın və yeniyetmələrimizin beyinləri satışda deyil” və onların emosiyalarının xarici platformalar və alqoritmlər tərəfindən manipulyasiya olunmasına yol verilməməlidir. Prezident həmçinin Fransa liseylərində mobil telefonların qadağan ediləcəyini açıqlayıb.
Qadağa Makronun “Renessans” Partiyasından olan deputat Lora Miller tərəfindən irəli sürülür. O bildirib ki, hazırda sosial şəbəkələrdə real yaş yoxlaması yoxdur və hökumət Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktına əsaslanaraq ciddi yaş təsdiqi mexanizmi tətbiq etmək istəyir.
Fransanın bu addımı Avstraliyanın 2024-cü ildə 16 yaşdan aşağılar üçün sosial mediaya qadağa tətbiq etməsindən sonra atılır. Həmin qadağadan sonra Avstraliyada 4,7 milyondan çox yeniyetmə hesabı silinib.
Qeyd edək ki, Böyük Britaniya da uşaqların onlayn təhlükəsizliyi ilə bağlı oxşar məhdudiyyətləri nəzərdən keçirir.
Talehə Hüseynzadə
