NASA və ABŞ Enerji Nazirliyi Ay səthində nüvə fisyon reaktoru qurmaq planlarını yenidən təsdiqləyib. Layihə Ay missiyalarını uzunmüddətli və fasiləsiz enerji ilə təmin etməyi hədəfləyib. Reaktorun hazırlanması və Yer üzündə sınaqları 2030-cu ilə qədər tamamlanmalıdır.

Planlaşdırılan reaktor Ay şəraitində illərlə enerji verərək Yerdən daimi yanacaq daşınmasına ehtiyacı aradan qaldıracaq. Atmosferin olmaması səbəbindən istiliyin paylanması, Ay tozu və radiasiyadan qorunma əsas texniki çətinliklərdir. Alimlər bu problemlərin həlli üçün bərk hal ötürülməsi və maye metal soyutma sistemləri üzərində çalışıblar. Hazırkı planlar ən azı 40 kilovat güc istehsal edə bilən reaktorun yaradılmasını nəzərdə tutub. Bu enerji on il ərzində təxminən 30 ev təsərrüfatının ehtiyacını ödəyə bilər. Lakin maliyyə və mühəndislik maneələri səbəbindən layihə yaxın dövrdən çox, uzunmüddətli məqsəd kimi qiymətləndirilib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
